ABŞ hökuməti yenə bağlandı

ABŞ hökuməti bu il ikinci dəfə bağlanıb.

Senat gecəyarısınadək maliyyələşdirmə qanununu səsə qoya bilməyib.

Sənədin qəbulundan ötrü fevralın 8-i gecəyarısı son tarix qoyulmuşdu.

Konqresmenlər fevralın 9-da səhər yenidən bir araya gələcəklər. Senat liderləri ümidvar olduqlarını bildiriblər ki, bu bağlanma ən çoxu bir neçə saat çəkəcək.

Təkrar səsvermə səhər saatlarına təyin olunub.

Senat xərcləmə qanununu təsdiqləyəndən sonra sənəd Nümayəndələr Palatasından da keçməlidir. Daha sonra prezident Donald Trump onu imzalamalıdır.

ABŞ hökuməti yanvarın 19-da üç günlüyə bağlanmışdı. O zaman Ağ evlə Konqres maliyyələşdirmə sənədini razılaşdıra bilmirdi.

Hökumət yanvarın 23-də yenidən açıldı, Konqresin hər iki palatası sənədə səs verdi.

Son bağlanma isə bir senatorun hərəkətinin nəticəsidir. Respublikaçı Rand Paul prosedur addıma əlı ataraq səsverməni əngəlləyib.

Paul-un fikrincə, bu sənəd “xəzinədarlığı talan edəcək”.

ABŞ hökuməti son 25 ildə artıq beşinci dəfədir bağlanır. Bir neçə saatdan artıq çəksə, hökumətin əməliyyatları qismən məhdudlaşacaq.

Amma vacib xidmətlər olan ərzaq inspeksiyası, aeroportlarda təhlükəsizlik yoxlamaları davam edəcək. Amma federal əməkdaşlara maaş ödənməyəcək.