Azərbaycan vətəndaşları 63 ölkəyə vizasız gedə bilər

“Henley&Partners” şirkəti müxtəlif ölkələrin vətəndaşları üçün hərəkət azadlığı dərəcəsini nümayiş etdirən pasport reytinqini açıqlayıb.

Reytinqdə 75-ci yeri tutan Azərbaycan pasportu 63 ölkəyə vizasız səfər etmək hüququ verir.

45-ci yerdə qərarlaşan Rusiya pasportu 114 ölkəyə vizasız səfər etmək hüququ verir. Türkiyə 110 reytinqlə (vizasız səfərin mümkün olduğu ölkələrin sayı) 49-cu, Gürcüstan 100 reytinqlə 54-cü, Ermənistan 59 reytinqlə 78-ci, İran 38 reytinqlə 98-ci pillədədir.

Reytinqin liderləri Yaponiya və Sinqapur olub. Bu ölkələrin vətəndaşları viza almadan 180 ölkəni ziyarət edə bilərlər.

2014-cü ildən bu göstəricidə birinci sırada qərarlaşmış Almaniya pasportu ilə indi 179 ölkəyə vizasız səfər etmək mümkündür.

Siyahıda üçüncü yeri eyni anda yeddi ölkə bölüşüb. Bunlar vətəndaşlarının vizasız 178 ölkəyə giriş hüququ olan İtaliya, Finlandiya, İspaniya, Danimarka, Fransa, İsveç və Cənubi Koreyadır.

Daha əvvəl viza məhdudiyyətlər indeksi kimi tanınan pasport indeksi 2006-cı ildən etibarən İsveçrənin “Henley&Partners” şirkəti tərəfindən Beynəlxalq Hava Nəqliyyat Assosiasiyası (IATA) ilə əməkdaşlıq ilə tərtib olunur.

İndeks dünyada 200-dən çox ölkə və ərazilərin viza rejimini araşdırır və onları vizasız girişin mümkün olduğu ölkələrin sayı üzrə sıralayır.

Ölkənin reytinqdəki mövqeyi vətəndaşlarının vizasız gedə biləcəyi ölkələrin sayı ilə müəyyən edilir. Ötən il oktyabrın 25-də qlobal konsaltinq şirkəti olan “Arton Capital Qlobal” da Pasport İndeksini açıqlamışdı.

“Vizasız bal”a əsasən hesablanan reytinqdə Azərbaycan pasportu 64-cü yerdə qərarlaşmışdı. Yəni azərbaycanlılar 64 ölkəyə vizasız gedə bilirlər. Gürcüstan 44 (105 ölkə), Ermənistan 69 (59), Rusiya 41 (108), İran 89-cu (36) yerdədir.

“Nomad Capitalist” şirkəti də 2017-ci ilin ən yaxşı pasportlarının siyahısını açıqlamışdı. “Nomad Pasport İndeksi 2017” adlı sənəddə 199 ölkənin pasportu qiymətləndirilmişdi. Şirkətin hesablamalarına görə, İsveç, Belçika, İtaliya, İspaniya, İrlandiya, Finlandiya, Almaniya, Danimarka, İsveçrə və Lüksemburq pasportları 2017-ci ilin 10 ən yaxşısıdır.

Qiymətləndirmə 5 əsas faktora – pasportların sahiblərinə verdiyi şəxsi azadlığın həddinə, viza azadlığına, beynəlxalq vergilərin miqdarına, ikili vətəndaşlığa və həmin pasportlara münasibətə görə müəyyənləşdirilib.

Azərbaycan bu siyahıda Qafqazdakı qonşularından geridədir. 199 ölkə arasında 133-cüdür. Rusiyanın pasportu 82, Gürcüstanınkı 83, Türkiyəninki 88, Ermənistanınkı 132, İran pasportu isə 191-ci yerdədir.Qonşu Gürcüstanın vətəndaşları isə ümumiyyətlə Avropa Birliyi ölkələrinin əksəriyyətinə vizasız səyahət edir. Mayın 11-də Avropa İttifaqı Şurası Ukrayna ilə viza rejiminin ləğvinə dair qərar qəbul edib.

Mayın 28-dən isə Gürcüstan vətəndaşları Avropa Birliyinin əksər ölkələrinə biometrik pasportlarla, vizasız səyahətə başlayıb.