Azərbaycanlı gənclərin “Youtube”-da məşhurlaşan “Kings and Generals” layihəsi [müsahibə]

Təbii haldır ki, biz zaman zaman müxtəlif sahələrdə uğur qazanan həmvətənlərimizin fəaliyyətinə sevinirik. Abzas.net-in bugünkü qonaqları hal hazırda Kanadada yaşayan və “Krallar və Generallar” (Kings and Generals: www.youtube.com/KingsandGenerals) layihəsinin müəllifləri Nurlan Kərimov və İlkin Qəmbərdir. Bu layihə müxtəlif dövrlərin tarixi hadisələri, müharibələri və döyüşləri barədə sənədli videolar hazırlayaraq qısa müddət ərzində Youtube-da yüzminlərlə izləyici kütləsi yığa bilib. Bu layihənin iş prinsipi, uğur səbəbi və s. məsələlər barədə məlumat almaq üçün suallarımızı Nurlan və İlkinə ünvanladıq.

-Krallar və generallar layihəsi üçün ideya hardan gəldi və işə necə başladınız?

– Biz (mən Nurlan Kərimov və İlkin Qəmbər) eyni vaxtda “Youtube”-da oyun kanalı açdıq. Bilirsiniz, “let’s play”lər “Youtube”-da çox populyar bir janrdır. Adamlar oyun oynayır, başqaları da onların oyununa baxır. Biz təxminən eyni vaxtda buna başladıq. Hər ikimiz strategiya janrlı oyunlara üstünlük verirdik. Müxtəlif oyunlar oynayırdıq, amma demək olar ki, bu oyunlar eyni janr ətrafında idi bütün. Məsələn, İlkin daha çox “Total war” oyunlarına, mən isə daha çox “Civilization” oyunlarına üstünlük verirdim. Hansısa məqamda biz kanallarımızı birləşdirmək və eyni kanal ətrafında ümumi iş görmək qərarına gəldik. Beləliklə, “Nurik and Phoenix” kanalı ərsəyə gəldi və həmin kanalda biz öz kontentimizi yerləşdirməyə başladıq. Strategiya janrında müxtəlif oyunlar oynayırdıq, “Top 10”-lar edirdik, hansısa bir tarixi fiqur haqqında video hazırlayırdıq, onun haqqında bilinməyən məqamları paylaşırdıq, strateji oyunlardan hansının növbəti olması haqqında spekulyasiya edirdik. Bütün bunlar bizə müəyyən qədər populyarlıq qazandırmışdı. Daha sonra düşündük ki, bəlkə tarixi məqamları işıqlandıraq, hansısa tarixi prosesi, tarixi döyüş haqqında video hazırlayaq. 2017-ci ilin əvvəlində biz tarixi döyüşlərlə bağlı videolar hazırlamağa başladıq. Sözün düzü, həmin videolar bizə populyarlıq qazandırmadı, çünki öyrəniləsi çox şey, gediləsi uzun bir yol var idi. Biz daim öyrənirdik, videolarımıza yeni elementlər əlavə edirdik. Videonu ingiliscə özümüz səsləndirirdik, amma təbii ki, biz Azərbaycan dilli olduğumuza görə, aksent hiss edilirdi. İngilisdilli kütlə isə adətən belə videolara çox maraq göstərmir. 2017-ci ilin iyul-avqust aylarında biz videolarımızın formatını dəyişdirmək və yeni dizayn elementləri, yeni bir stilistika əlavə etmək qərarına gəldik. Bunun üçün biz işə bir dizayner cəlb etdik və həmin dizayner bizim üçün lazım olan bütün dizayn elementlərini yaratdı. Həmin dizayn elementlərindən istifadə edərək, biz yeni formatda videolar hazırlamağa başladıq. Yeni formatda videonun strukturu daha bilinən və daha aydın idi. Bu da bizə populyarlıq qazandırdı. Biz çox az bilinən, amma tarixi baxımdan çox vacib döyüşlərkə işə başladıq. Eyni zamanda Osmanlı seriyası da başladı və ilk videomuz 1389-cu iləd baş vermiş Kosovo döyüşü barəsində idi. Həmin döyüş böyük populyarlıq qazandı və hal-hazırda həmin videoya yarım milyona yaxın adam baxıb. Videoya əsasən serblər və türklər böyük maraq göstərdi. Bildiyiniz kimi, əgər video çox baxış alırsa, “Youtube” həmin videonu reklam etməyə başlayır və proses daha çox adamın videonu görməsinə səbəb olur. Bununla bərabər, biz də yorulmadan başqa videolar yaratmağa başladıq. Beləliklə, avqust ayında kanalımızın 7 min izləyicisi var idisə, 2017-ci ilin sonunda biz artıq 100 mini keçmişdik. Qısa bir müddət ərzində böyük bir auditoriya qazandıq.

-İş prosesiniz necə gedir, komandanın neçə üzvü var bir video xminən hansı ddətə ərsəlir?

-Videonun hazırlanma prosesi belədir ki, əvvəlcə İlkin tarixi mövzu üzərində işləyir, ssenari hazırlayır və həmin ssenari əsasında biz video düzəltməyə başlayırıq. Bir videonun hazırlanmasına təxminən 50-80 saat vaxt sərf olunur. İlkin əsasən prosesin tarixi hissəsi ilə məşğul olur və videoda istifadə olunacaq dizayn elementlərini müəyyən edir (xəritələrin çəkilməsi və s.). Mən əsasən videonun istehsalı və ya ingiliscə desək production məsələsiylə məşğul oluram  (yəni videonun sturkturu hazır olduqdan sonra, əlavə dizayn vermək, səsləndirmək, kameraların hərəkəti, səslə iş, musiqi və s.). Komandamızın müxtəlif ölkələrdən olan bir çox üzvü var. Videomuzu səsləndirən Devin İngiltərədəndir. Ondan başqa, komandamızın İngəltərədən olan daha 3 üzvü var ki, onlar daha çox tarixi hadisələrin araşdırılmasına və bu hadisələrin ssenariyə köçürülməsinə yardım edirlər. Ssenari məsələsində bizə kömək edən daha bir nəfər isə Bolqarıstandandır. Komandamızın daha bir üzvü Malayziyadandır. O,  bizə “Total War” oyununda hazırlanmış videolar düzəldir, biz də onları öz videolarımıza qoyuruq. Bu bizə hər hansı bir döyüşü 3D-də canlandırmağa kömək edir. Bir nəfər də Azərbaycandan var. O bizə dizayn və animasiya işlərində kömək edir. Amma yenə də, videodan asılı olaraq, onun hazırlanmasında iştirak edən adamların sayı arta və ya azala bilir. Ümumilikdə götürsək, daim işlədiyimiz 6 nəfər var ki, onlar bütün videoların hazırlanmasında iştirak edirlər.

-Mövzunu hansı prinsip əsasında seçirsiniz?

-Mövzu seçimi biraz qəliz məsələdir, çünki biz mövzuları havadan seçmirik. Hansı videoların daha çox baxılmasına, hansı videonun engagement indeksi “Youtube”-də daha yaxşı olmasına, hansı ölkələrdən baxılmasına diqqət edirik. Baxış sayı hər şey deyil, bilmək lazımdır ki, sənin videolarına hansı ölkələrdən baxırlar, kimlər baxır və s. Bütün bu informasiyanı və statistikanı analiz edirik və gələcək planları buna uyğun şəkildə müəyyən edirik. Amma daha çox seriya halında işləməyə üstünlük veririk. Məsələn bizim son seriyamız Napoleondur, 5 epizoddan ibarətdir. Biz bTrafalqar döyüşü ilə başlayıb, daha sonra Austerlitz, Jena, Eylau və Friedland döyüşləri ilə davam etdik. Yəni birinci sezonu ilin sonunda bitirdik və 2018-ci ildə yəqin ki daha 5 videodan ibarət ikinci sezonu düzəldəcəyik, sonra 5 videodan ibarət 3-cü sezon. Eyni zamanda bizim “Ottoman” (osmanlılar) seriyamız davam edir. Orada biz 4 video buraxmışıq. Bunlar Kosovo, Nikopolis (Niqbolu), Ankara döyüşü və Varna döyüşüdür. Növbəti video Konstantinopolun (İstanbul) fəthi olacaq və biz beləcə 20-ci əsrə, Osmanlının süqutuna kimi davam edəcəyik. Hal hazırda isə Mongollar haqqında 6 epizodluq seriya üzərində işləyirik. Bundan başqa bizim planda 100 illik müharibə, Dayadoki müharibələri, Böyük İskəndərin ölümündən sonra onun generalları arasında olan döyüşlər, İngiltərənin qədim tarixini işıqlandıracayıq. Amma dediyim kimi, əgər bu suala konkret cavab verəsi olsaq, biz statistikaya baxırıq, insanların daha çox nə ilə maraqlandığını nəzərə alırıq, nə “Youtube”-da daha az işıqlandırılıb və bundan sonra biz qərar veririk ki, hansı seriyanı və ya hansı videonu düzəldək.

-Azərbaycanın tarixi ilə bağlı videolarınız varmı, yoxdursa planda varmı?

-Azərbaycanın tarixi ilə bağlı videolarımız yoxdu, amma Osmanlı və həmin dövr ətrafında cərəyan edən hadisələrlə bağlı videolarda Azərbaycan daim görünür. Osmanlının tarixini işıqlandıranda, biz Osmanlı və Səfəvilər arasında baş vermiş Çaldıran döyüşünü hazırlayacayıq və Çaldıran döyüşü Osmanlı seriyasının bir hissəsi olacaq.

-Sizin bu işdə məqsədiniz daha çox qazancdır, yoxsa əsas hədəf tarixlə bağlı bilgilərinizi daha çox insanla paylaşmaq?

-Bu suala birmənalı cavab vermək çətindi. Məqsəd qazanc deyil. Bunu dəqiq deyə bilərəm, amma qazanc vacibdi, çünki həmin qazanc əsasında biz komandada təmsil olunan insanlara məvacib veririk. Məsələn, videoların səsinin yazılması pul qarşılığında baş verir. Biz İngiltərədə olan bir yoldaşa sifariş veririk və o bizim üçün videonu səsləndirir. Biz həmin adama hər sözə görə pul ödəyirik. Dediyim kimi, qazanc məqsəd olmasa da, çox vacibdir. Çünki bizim videolarımızın hansı keyfiyyətdə olacağını qazanc müəyyən edir. Nə qədər çox qazanc olsa, videonun hazırlanmasına da o qədər çox pul xərcləyirik. Nə qədər çox pul xərcləsən, video da bir o qədər keyfiyyətli olacaq. Biz həftədə bir video buraxırıq. Bizim kimi olan digər tarixi kanallar ayda bir video hazırlaya bilirlər, çünki çox əziyyətli və vaxt aparan bir işdir. Dediyim ki, bir videonun hazırlanmasına təxminən 80 saata yaxın vaxt sərf olunur. Əsas məqsəd, tarixlə bağlı video hazırlayan icmanın bir hissəsi olub videolar istehsal etmək və insanlara tarixi izah etməkdir, çünki indiki dövrdə insanın bir hadisə və proseslə bağlı marağını cəlb etmək üçün zaman məhduddur və gənclər informasiyanı daha tez, daha vizual, daha anlaşılan bir şəkildə almaq istəyirlər və 10-15 dəqiqə ərzində bütün informasiyanı qəbul etmək istəyirlər. Bizim də məqsədimiz daha çox insana tarixi öyrətməkdir.

-Daha çox hansı ölkələrdə izlənirsiniz? Ümumiyyətlə adətən reaksiyalar necə olur və mənfi reaksiyalar olanda daha çox nə ilə bağlı olur?

-Əsas izləndiyimiz ölkə ABŞ-dır. Daha sonra ilk beşlikdə olan ölkələr İngiltərə, Almaniya, Avstraliya və Niderlanddır. Lakin bu vəziyyət aya görə, düzəltdiyimiz videoya görə dəyişə bilər. Məsələn, bəziləri hesab edir ki, Türkiyədən olan izləyicilərimiz çoxdu. Ancaq elə deyil. Videolarımıza baxan türklərin də əksəriyyəti ABŞ ərazisindən baxırlar. Reaksiyalar adətən yaxşı olur. İlk başda özünü insanlara qəbul etdirmək biraz çətindi, çünki çox kanal var, “Youtube”-a gün ərzində, dəqiqə ərzində, hətta saniyə ərzində həddindən artıq çox informasiya yüklənilir və bu böyük kütlənin içində seçilmək çox çətindir. Məsələn, bir insanın yarım saat vaxtı var və o oturub “Youtube”-da videoya baxacaq. Sən çalışırsan ki, ona öz videonu göstərəsən və o yarım saatın 10 dəqiqəsini sənin videona baxsın. Hal-hazırda isə 120 mindən artıq böyük bir auditoriyamız var. Kanalımız Azərbaycandan olsaydı, Azerbaycandan olan kanallar arasında ilk onluqda olacaqdı. Elm, tarix, təhsil ile məşğul olan kanallar arasında isə (musiqi, meyxana və xəbər kanallarını nəzərə almasaq) ikinci. İzləyicilərimiz bizə çox müsbət yanaşır, çünki artıq bizi tanıyırlar, formatla tanışdırlar, bilirlər bizdən nə gözləmək olar, bilirlər biz necə işləyirik, videonu necə düzəldirik və s. Ona görə də, indi vəziyyət də yaxşıdı, reaksiyalar da çox müsbətdir. Mənfi tərəflər də olur, çünki bəzi yerlərdən baxan baxıcılar istəyirlər ki, biz onların mənsub olduğu milləti tərifləyək, onların məğlub olduqları döyüşləri göstərməyək və ya təhrif edək, deməyək ki, onlar məğlub olublar. Buna patriotizm də deyə bilərik, tarixlə bağlı bir kompleks də deyə bilərik. Adətən mənfi reaksiyalar məhz bu səbəblərdən irəli gəlir. Məsələn, nümunə kimi 1389-cu ildə baş vermis Kosovo döyüşünü göstərə bilərik. Serblərin Kosovo döyüşü ümumiyyətlə xoşlarına gəlmir, çünki bütün tarixi mənbələr hesab edir ki, döyüş özü bərabər bitsə də, yəni heç bir tərəf mütləq qələbə qazanmasa da, strateji olaraq Osmanlılar qələbə qazanıb. Əgər biz tarixə baxsaq görərik ki, həmin döyüşdən sonra Lazar Osmanlının bir çox şərtləri ilə razılaşmalı olur. Amma serblər bunu qəbul etmək istəmirlər, çünki serblərin bütün mənbələrində serblərin həmin döyüşü udduqları qeyd olunur. Ona görə də, bu tipli fikir ayrılıqları mənfi reaksiyalar, emosiyalar yaradır, ancaq bu hissə azlıq təşkil edir. Başqa bir məqam o ola bilər ki, hər millətin nümayəndəsi istəyir ki, onun adı qeyd olunsun. Məsələn albanlar, bosniyalılar istəyirlər ki, biz onları qeyd edək, gürcülər istəyir ki, biz Didqori döyüşünü işıqlandıraq. Yəni bəzi hallarda mənfi reaksiyalar belə şeylərdən əmələ gəlir, ancaq dediyim kimi bu hissə azlıq təşkil edir. Ümumi reaksiya müsbətdir və bizim demək olar bütün videolarımızın bəyənmə/bəyənməmə nisbəti 100/1-dir. Hər 100 bəyənənə bir bəyənməyən olur təxminən.

-Fəaliyyətinizi genişləndirmək fikriniz varmı? Başqa hansı sahələr üzrə videolar hazırlamağı planlaşdırırsınız?

-Biz hal-hazırda tarixlə məşğuluq, tarixi videolar hazırlayırıq və bu videolar əsasən müharibə və döyüşlərlə bağlı olur. Artıq ikinci seriya videolar hazırlanır, hansı ki, ayda bir neçə dəfə yayımlanacaq. Bu “Qoşunların Təkamülüdür”. Seriya qoşunlarda evolyusiyanın necə baş verdiyi, hansı silahların hansı silahları əvəz etdiyi barədə olacaq. Çünki burda bir çox faktorlar var: taktika, döyüşün harada baş verməsi, hansı döyüşdən sonra bunların baş verməsi və s. Biz artıq yunan qoşunlarının evolyusiyasını hazırlamışıq. Daha sonra bu proses Roma qoşunlarına keçəcək, daha sonra orta əsrlər qoşunlarına keçəcək. Bundan əlavə bizim başqa planlarımız da var. Lakin bunun üçün resurs lazımdır: qaynaq, sponsor və s. Bunlar olacağı təqdirdə başqa sənədli videoların da üstündə işləmək olar.  Ancaq mən çox istərdim ki, biz elm və fəlsəfə ilə bağlı videolar hazırlayaq. Ancaq hal-hazırda bu real görünmür, çünki resurslarımız və vaxtımız məhduddur.

-Tarixin cəmiyyət üçün əhəmiyyətini nədə görürsünüz? 

-Tarixin cəmiyyət üçün əhəmiyyəti çox böyükdür. Bu suala birmənalı cavab vermək çox çətindir. Ancaq qısa olaraq deyə bilərəm ki, insan həyatı insanlar üçün necə bir təcrübədirsə, necə o təcrübədən insanlar istifadə edib daha müdrik qərarlar verirlərsə, tarixin də cəmiyyətdə rolu elədir. Biz tarixə baxsaq görərik ki, müxtəlif proseslər müxtəlif zamanlarda təkrarlanıb, həmin hadisələrdən sonra nələr baş verib və həmin hadisələrdən qaçmaq üçün hansı addımlar atılmalı idi. Bütün bunları nəzərə alaraq, biz indiki həyatımıza baxıb deyə bilərik ki, hansı proseslər səhv gedir və hansı proseslərə qarşı çıxmaq lazımdı. Qısaca fikrimi belə izah edərdim.

-“Youtube” üzərindən oxşar fəaliyyət göstərmək istəyən insanlara məsləhətiniz nədir?

-“Youtube”-da hər hansı bir kanal açıb və o kanalda populyarlıq qazanmaq çox çətin bir prosesdir, çünki “Youtube”-a hər saniyə külli miqdarda informasiya yüklənir. Yəni “Youtube” böyük bir video-məkana çevrilib və burada insanlar informasiya almaq üçün videolara baxırlar. “Youtube”-da istənilər bir mövzuya aid video tapıb, baxıb, bilgilənmək olar. Dediyim kimi, çətindir, ancaq heç vaxt ruhdan düşmək lazım deyil. Əgər hər hansı bir format uğur qazanmırsa, onu yenidən nəzərdən keçirmək lazımdır. Nəyə çox, nəyə az baxıldığına, nəyə müsbət, nəyə mənfi reaksiyalar gəldiyinə diqqət etmək lazımdır. Ancaq ən əsas məsələ davamiyyətdir, oturub dayanmadan video istehsal etmək, dayanmadan davamlı şəkildə videolar yükləməkdir, çünki insanlar adətən videolarını bəyəndikləri kanalın yeni videolarını gözləyirlər və onlara o yeni məhsulları vermək lazımdır. Və bir müddətdən sonra, hansısa bir məqamda “Youtube” onların köməyinə gələcək. Yəni “Youtube” özü başlayacaq onların hansısa çox baxılan videosunu reklam etməyə və bunun nəticəsində bütün kanal böyüməyə başlayacaq.

Sonda bizi dəvət etdiyinizə, bizdən müsahibə aldığınıza görə sizə təşəkkür edirik, Abzas.net kollektivinə uğurlar arzulayırıq və arzu edirik ki, Abzas.net-in oxucu və izləyici kütləsi 2018-ci ildə qat-qat artsın.

Əvvəlki məqaləMN: “Atəşkəs rejimi 135 dəfə pozulub”
Növbəti məqalədəŞimali Koreya ABŞ vitse-prezidenti ilə nəzərdə tutulmuş görüşdən imtina edib