Ekspertlər Mehman Qələndərovun öldürüldüyünü deyirlər

Azərbaycan Baş Prokurorluğu müxalifətçi bloger Mehman Qələndərovun 1 saylı Bakı təcridxanasında ölməsilə əlaqədar CM-in 125-ci maddəsi (ölüm həddinə çatdırma) ilə ötən ilin mayında qaldırılmış cinayət işini bağlayıb.

Aprelin 28-də o, kamerada asılmış vəziyyətdə tapılıb.

Əvvəlcə Penitensiar Xidmət bu faktı gizlətməyə çalışıb, ancaq ictimai təzyiq nəticəsində M.Qələndərovun ölümü rəsmən təsdiqlənib.

Hüquq müdafiəçiləri blogerin ölümünün müəmmalı olduğunu bildiriblər. Çünki müasir təcridxanalar şəraitində özünü asmaq demək olar ki, mümkün deyil. Əvvəla, məhbus kamerada tək olmur, ikincisi nəzarət altında olur.

Istintaqın məlumatına görə, M.Qələndərov intihar zamanı tək olub, kamera yoldaşı hamamda olub. Ancaq bu versiya ağlabatan deyil. Çünki hamama getmək ciddi şəkildə məhdudlaşdırılıb, həm də belə qısa müddətdə özünü asmaq real görünmür.

Belə düşünməyə əsas var ki, M.Qələndərovu asıblar. Cəsədin qohumlarına verilməməsi və gizli dəfn edilməsi də bunu dolayısı ilə sübut edir. Odur ki, “cinayət tərkibi”nin olmamasına görə cinayət işinin bağlanması təəccüb doğurur,

Hüquq müdafiəçisi Oqtay Gülalıyev Turan-a bildirib ki, M.Qələndərovla baş verənlər onun ictimai-siyasi fəaliyyətilə bağlıdır. O, Gürcüstanda Azərbaycandakı siyasi məhbusların müdafiəsi ilə bağlı aksiyaların təşkili ilə məşğul olub. Bundan əlavə, Heydər Əliyevin abidəsi önündə Qiyas İbrahimovun və Bayram Məmmədovun müdafiəsi üçün təkbaşına aksiya keçirib.

“Mehmanın ölümündən sonra biz İctimai Komitə yaratdıq və cəsədin eksqumasiyası üçün Baş Prokurorluğa və Penitensiar Xidmətə müraciət etdik. Bizdə olan məlumata görə, M.Qələndərovun cəsədində işgəncə izləri olub. Biz hadisə yerinə – kameraya birgə baxış keçirilməsini təklif etdik, çünki əminik ki, istintaq təcridxanalarında özünü asmaq mümkün deyil. Ancaq təkliflərimizin heç biri qəbul edilmədi.

Mehman xaraktercə mübariz adm idi. Onun özünü öldürməsinə səbəb yox idi. Prokurorluq CM-in 125-ci maddəsi ilə cinayət işi qaldırıb və təcridxananın iki işçisini cəzalandırıb. Bununla da işə xitam verilib ki, bu da qanunsuzdur. Onun qanunsuz həbs olunmasında, işgəncə verilməsində və ölümündə günahkar olanlar cəzasını almalıdır”, – O.Gülalıyev bildirib.

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının fikrincə, hakimiyyət M.Qələndərovun ölümü üzrə cinayət işinə xitam verilməsi ilə cəmiyyətə bildirdi ki, günahkarlar cəzasız qalacaqlar. Cəmiyyətə “biz onu öldürdük və bu işi ört-basdır etdik” mesajını ötürdülər”, – o qeyd edib.

Bakı İstintaq Təcridxanasında özünü mələfə ilə pəncərənin barmaqlığından asmaq mümkün deyil. Mən 19 ay bu təcridxanada qalmışam və əminliklə deyə bilərəm ki, orada intihar mümkün deyil”, – Ə.Zeynallı bildirib.