Federasiya əcnəbi idmançıları gizlədir

Azərbaycan Stolüstü Tennis Federasiyası bir idmançımızın gənclərin Olimpiya Oyunlarına vəsiqə qazandığı barədə xəbər yayıb.
Maraqlıdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbəri olduğu qurum lisenziya qazanan idmançının kimliyi barədə məlumat verməyib. Bu hal ilk dəfə deyil baş verir. İdmançıların qatıldıqları yarış və medal sayı barədə məlumat versələr də ictimai qınaqdan ehtiyyat edən federasiya vəsiqə və medal qazananın “milliləşdirilmiş” çinli idmançılarn olduğu üçün adlarını qeyd etməyiblər.
Məsələ ilə bağlı qurumla əlaqə saxladıq. ASTF-nın idman işləri üzrə təlimatçısı Zərif Süleymanova həmin stolüstü tennisçinin 2 il bundan öncə milli komandamıza gətirilən çinli Ninq Cinq olduğunu təsdiqləyib. Bildirilib ki, vəsiqə ötən ilin noyabr ayında, Fransada keçirilən beynəlxalq yarışda təmin edilib. Kişilərdən isə hələ ki, olimpiya oyunlarına lisenziya qazanılmayıb. Ancaq qurum rəsmisi məlumat yayarkən əcnəbi idmançının adının açıqlanmamasına səbəbinə cavab verə bilməyib.
Federasiyanın sosial şəbəkədəki rəsmi səhifəsini idmarə edən İT şöbəsindən də suala dəqiq cavab verən olmasa da, “bizə deyilib, həmişə belə yazırıq” deyə bildirildi.
Mixail Timofeyevin baş məşqçisi olduğu milli komandalarımızda (qadın və kişi) cəmi 6 çinli idmançı var idisə, indi həmin say artıb. Artıq komandaya daha 3 çinli tennisçi də cəlb olunub. Onlardan biri xanımların millisindədir.