Kreml Dağıstandakı həbsləri şərh edib

“Dağıstan hökumətinin üzvlərinin saxlanılmasını siyasi böhran adlandırmaq olmaz”.

“RİA Novosti”nin verdiyi məlumata görə, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, atılan addımın hüquq-mühafizə orqanlarının işinin davamı olduğunu və bir sıra regionlarda aparıldığını bildirib.

D. Peskov əlavə edib ki, araşdırma prosesi barədə Rusiya prezidentinə məlumat verilir.

Dağıstan Respublikasında korrupsiya ittihamı ilə hökumət sədrinin səlahiyyətlərini müvəqqəti icra edən Abdusəməd Həmidov, onun müavinləri Şamil İsayev və Rayudin Yusufov, sabiq təhsil naziri Şahabbas Şaxov və digər vəzifəli şəxslər saxlanılıb. Onlara qarşı büdcədən ayrılan vəsaitlərin mənimsənilməsi ilə bağlı cinayət işi açılıb. Yanvarın 21-də isə Mahaçqala meri Musa Musayev səlahiyyətlərindən sui-istifadə etməklə dövlətə 80 milyon rubl ziyan vurulması ittihamı ilə həbs edilib.