NİDAdan müxalif partiyalara alternativ seçki təklifi

NİDA Vətəndaş Hərəkatı son iki həftə ərzində müxalif partiya rəhbərlərilə görüşlər keçirib.

Abzas.net xəbər verir ki, bu barədə Hərəkatın İdarə Heyətindən məlumat verilib.

Müxalifətdaxili seçkilər keçirilsin

Bildirilib ki, müxalifətə bir araya gəlib, daha sonra öz aralarında seçki keçirmək təklif olunub:

“Bizim istəyimiz, tamamilə yeni və uğurlu formanın seçilməsi ilə 11 apreldən sonra siyasi mübarizənin keyfiyyət və kəmiyyət baxımından növbəti mərhələyə keçməsini təmin etmək idi. Bunun üçün biz bir təklif sənədi hazırladıq. Partiyalara müxalifətdaxili seçkilərin – praymerizin keçirilməsini, ilk yeri tutacaq siyasətçinin 2 və 3-cü yeri tutan partiya rəhbərləri ilə birlikdə yeni müxalifət hərəkatının qurulmasını təklif etdik.”

Yeni mərhələnin başlanğıcı

Qeyd olunub ki, bununla ölkədəki siyasi vəziyyət yeni mərhələyə qədəm qoya bilər:

“Bu seçkilərin ölkəyə yeni siyasi müstəvi gətirəcəyinə inanırdıq və inanırıq. Ayrıca, İlham Əliyev ətrafı ilə öz seçkisini keçirdiyi kimi, müxalifət də azad və demokratik şərtlərlə fəal vətəndaşlarla birlikdə seçkilərini keçirə bilməsi deməkdir”.

Sonda razılaşmanın əldə olunmadığı bildirilib:

“Obyektiv və subyektiv səbəblərdən dolayı, partiya rəhbərləri bu təkliflər ətrafında birləşməyə razı olmadılar”.

NİDA İH-dən bildiriblər ki, seçki dövründə Hərəkat olaraq aktiv şəkildə etiraz etməyi düşünürlər:

“Seçki ilə bağlı xeyli planlarımız var. Onlar haqda yaxın günlərdə məlumat verəcəyik”.

NİDAnın təkliflərini əks etdirən sənədin tam mətni

Ölkə başçısı İlham Əliyev oktyabrda keçiriləcək prezident seçkisinin vaxtını 6 ay qabağa çəkərək, aprel ayında növbədənkənar seçki keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Prezidentə növbədənkənar seçki keçirmək səlahiyyəti 2016-cı ilin sentyabrında keçirilmiş referendumda verilib. Həmçinin bu barədə 2017-ci ilin dekabr ayında da Seçki Məcəlləsinə müvafiq dəyişikliklər edilib.
Referendum haqda Avropa Şurası Venesiya Komissiyasının verdiyi rəydə tənqidi məqamlar yer alıb.
Referendum zamanı konstitusiyaya edilən son dəyişiklikləri real müxalif qüvvələr birmənalı formada respublika dəyərlərinin ləğvi, monarxiya quruluşunun möhkəmləndirilməsi kimi dəyərləndirmişdi.

Dəyişiklik edilmiş konstitusiyada prezidentin ona verilən növbədənkənar seçki təyin etmək səlahiyyətindən hansı hallarda istifadə edə biləcəyi ilə bağlı heç bir məqam yer almayıb. Avropa Şurasına üzv ölkələrin seçki təcrübəsində olduğu kimi Azərbaycanda da növbədənkənar seçkilərin keçirilməsi üçün yetərli müstəsna hallar olmalıdır. Lakin bu gün Azərbaycan hakimiyyəti təyin olunan seçki ilə bağlı heç bir siyasi ehtiyac göstərməyib, cəmiyyətdə və parlamentdə açıq ictimai müzakirələr aparmayıb, bu da seçki prosesində bütün maraqlı tərəflərin, o cümlədən potensial prezidentliyə namizədlərin iştirakını, yerli və beynəlxalq müşahidəçilərin hazırlığını çətinləşdirir. Bununla da Azərbaycan respublikasının qoşulduğu beynəlxalq sənədlərdə təsbit olunmuş müddəalar heç sayılır.

Biz hesab edirik ki, heç bir əsas olmadan təyin olunan bu seçki hüquqi və siyasi baxımdan əsaslandırılmayıb və legitim hesab oluna bilməz. Hazırda prezident olan İlham Əliyevin bu səlahiyyətindən istədiyi vaxt istifadə etməsi, əsassız şəkildə seçki təyin etməsi yalnız və yalnız onun şəxsi maraqlarına xidmət edir. Belə ki, ilin sonuna, daha dəqiq oktyabrda keçirilməli olan seçkiyə qədər dərinləşən iqtisadi böhran, həmçinin seçki vaxtını nəzərə alaraq ona qədər təşkilatlanmağı, seçki hazırlıqlarını həyata keçirməyi planlaşdıran müxalif qüvvələr amili İlham Əliyevi belə bir addım atmağa vadar etmişdir. Bütün bunlardan aydın olur ki, hakimiyyətin məqsədi alternativsiz seçki keçirmək və növbəti 7 il üçün İlham Əliyevin prezidentliyini rəsmiləşdirməkdir.
Hakimiyyət illərdir yerli və beynəlxalq ictimaiyyətə ölkədə müxalifətin olmadığını, Əliyevlərin hakimiyyətdən gedəcəyi təqdirdə özbaşınalığın, idarəolunmaz bir vəziyyətin yaranacağını, siyasi sabitliyin pozulacağını göstərməyə çalışır.
Hazırda ölkədə 150-dən çox siyasi məhbus var, ifadə və sərbəst toplaşma azadlığı məhdudlaşdırılıb, müstəqil media orqanlarının, siyasi partiya və təşkilatların fəaliyyətinə kifayət qədər maneələr yaradılıb. Bütün bunların fonunda müxalifət nəticəsi indidən bəlli olan seçki şousunda iştirakdan imtina edib, çünki sadaladığımız problemlərin həlli istiqamətində heç bir irəliləyiş olmayıb, deməli bu iştirak İlham Əliyevdən başqa heç kimə lazım deyil.

Biz Nida Vətəndaş Hərəkatı olaraq yaranmış siyasi situasiyada növbədənkənar deyil, prezident seçkisinin Konstitusiya ilə müəyyən olunmuş qanuni müddətində, yəni 2018-ci ilin oktyabrında keçirlməsini tələb edir, bu dövrdək hakimiyyətin təşkil etdiyi növbədənkənar seçkinin qeyri-legitim hesab edən və buna qoşulmayan demokratik qüvvələr arasında müxalif siyais düşərgənin ilkin seçkilərinin keçirilməsini təklif edirik.
NİDA Vətəndaş hərəkatı olaraq, demokratik qüvvələrin yeni və təkrar prezidenet seçkisinə hazırlaşması üçün ilkin seçki təklif etməkdə əsas məqsdimiz demokratik dəyişiklikləri arzulayan insanların birliyinə nail olmaq, demokratik qüvvələrin yeni siyasi hədəflərini müəyyən etmək, demokratik prinsiplər çərçivəsində müxalif siyasi qüvvələrin liderliyini və konsolidasiyasını təmin etmək və iqtidara qarşı geniş etimada malik siyasi hərəkatın yaranmasına yardım etməkdir.
Bütün yuxarıdakıları nəzərə alaraq, NİDA növbədənkənar prezident seçkisi dönəmində müxalif siyasi qüvvələr arasında ilkin seçkinin aşaıdakı qaydada keçirlməsini təklif edir:
– Növbədənkənar seçkinin legitimliyini tanımayan bütün siyasi qüvvələrin namizədləri və seçiciləri arasında aprel ayının ilk həftəsində ilkin seçki keçirilir;
– İlkin seçki vahid seçki məntəqəsində arzu edən seçicilərin iştirakı ilə, müxalif partiya və təşkilatların üzvlərindən paritet əsaslarla formalaşdırılmış seçki komissiyası vasitəsilə təşkil olunur.
– İlkin seçkidə qalib olmuş “prezidentliyə namizəd” ikinci və üçüncü yerləri tutmuş siyais liderlrlə birgə bir ay ərzində yeni müxalifət hərəkatını və kölgə kabineti formalaşdırılır.