Prokuror “Müsəlman Birliyi” Hərəkatının koordinatoruna 8 il həbs istədi

Fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Müsəlman Birliyi” Hərəkatının koordinatoru, ilahiyyatçı Taleh Bağırovun tərəfdarı olan Əhsən Nuruzadənin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Abzas.net xəbər verir ki, məhkəmədə prokuror Orxan Dəmirli çıxış edib. Dövlət ittihamçısı Əhsən Nuruzadəyə 8 il həbs istəyib.

O, Ə.Nuruzadəyə verilən narkotik ittihamı məhkəmədə sübuta yetirildiyini bildirib.

Daha sonra çıxış etməli olan Ə.Nuruzadənin vəkili Fariz Namazlı çıxışa hazır olmadığını bildirib və vaxt istəyib.

Növbəti məhkəmə iclası martın 6-da keçiriləcək.

Xatırlatma

Oktyabrın 6-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Əhsən Nuruzadəni həbs edib. Ona CM-nin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Onun üzərindən 14.775 qram heroin tapıldığı iddia olunur.

Dindar fəal ittihamı rədd edir, narkotikin cibinə idarədə, polis tərəfindən qoyulduğunu bildirir.

Ə.Nuruzadə bundan öncə də iki dəfə – 19 yanvar və 24 sentyabrda DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığını, hər dəfəsində də ona 10 sutka inzibati həbs cəzasının verildiyini bildirib. Hər iki məhkəmə qərarında da inzibati həbsin səbəbi eyni göstərilib – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısından keçəndə telefonla danışarkən söyüş söymək, onu intizama dəvət edən polislərə tabe olmamaq.