Siyavuş Novruzov böyük amnistiya aktının imzalanmasını təklif edib

Mili Məclisinin iclasında deputat Siyavuş Novruzov böyük amnistiya aktının imzalanmasını təklif edib.

O, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə yanaşı mərhum prezident Heydər Əliyevin də anadan olmasının da 95 illiyi olduğunu deyib. Deputat bununla bağlı da tədbirlər planının hazırlanmasının vacibliyini vurğulayıb.

O, hər iki əlamətdar hadisə ilə əlaqədar amnistiya aktının imzalanmasını və bu amnistiya aktının digərlərindən fərqlənməli olduğunu deyib:

“Amnistiya aktı ilk növbədə Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşmüş hər kəsə, yaşı 60-ı keçmiş qadınlara, həmçinin himayəsində azyaşlı uşaqları olanlara şamil olunsun. Bu gün onlarla uşaq özlərindən asılı olmayaraq məhkumluq həyatı yaşayır və biz potensial cinayətkarı yetirşdiririk. Bundan başqa, yaşı 70-dən yuxarı olan bütün kişilərə, radikal dini cərəyanlara qoşulmayan bütün dindar şəxslərə şamil olunmalıdır”.

S.Novruzov müxalifət qurumlarının, yaxud ayrı-ayrı təşkilatların üzvləri olan gənclərin də azad edilməsini təklif edib:

“Xaricdə müxtəlif qruplar var ki, Azərbaycana insan hüquqları, siyasi məhbus bəhanəsi ilə təzyiqlər edirlər, böhtan atırlar, sui-istifadə edirlər. Onların qarayaxmalarını kəsməkdən ötrü bu cür adamların hamısı ilə bağlı məsələyə son qoyaq”.

Spiker Oqtay Əsədov isə bildirib ki amnistiya aktı maddələr üzrə olur:

“Siyavuş müəllim, sizin dediyiniz şəxsləri əfv etmək cənab prezidentin səlahiyyətindədir”.

Deputat Tahir Kərimli və Qüdrət Həsənquliyev amnistiya aktının imzalanması barədə təklifi dəstəkləyiblər.