”Sovetski”-də 2180 obyekt söküləcək

Nazirlər Kabinetinin qərarına əsasən dövlət orqanları dövlət ehtiyacları üçün zəruri olan torpaqları müəyyən etməli və onları almalıdır.

Sənəd paytaxtın Yasamal rayonundakı köhnə qəsəbənin sökülməsini əhatə edir. 20 ildən çoxdur ki, burada miqyaslı iş gedir.

Bu dəfə N.Aşurbəyov, S.Tağızadə, A.Şaiq və Ç.Mustafayev küçələri arasındakı 1300 obyekt, həmçinin N.Nərimanov prospekti (keçmiş Sovetski küçəsi) boyunca, İ.Qutqaşenli, B.Səfəroğlu və M.Əliyev küçələri arasında yerləşən 880 obyekt söküləcək.

Beləliklə, infrastrukturun qurulması üçün Yasamal Rayon İcra Hakimyyəti 2180 yaşayış və qeyri-yaşayış obyektini alacaq.

Yasamal Rayon İcra Hakimiyyətinə tapşırılıb ki, torpaqların alınması üzrə hazırlıq işləri aparsın və təklifləri Nazirlər Kabinetinə təqdim etsin.

Söküntünün səbəblərinə gəlincə, şəhərin baş planına əsasən həmin yerdə parklar salınacaq, avtomobil dayanacaqları, yeni yaşayış evləri, idman kompleksləri inşa ediləcək. Bundan əlavə, yeni avtomobil yolu çəkiləcək.

İndiyədək hakimiyyət ev sahiblərinə hər kvadrat metrə görə 1500 manat verirdi. Torpağın dəyəri nəzərə alınmırdı. Ev sahiblərinin çoxu bu qiymətlə razılaşmayaraq məhkəmələrə üz tutur. Ədalətə isə ancaq Avropa İnsan Hüquqları Məhkəməsində nail olmaq mümkün olur.