Vəkilləri yuxarı məhkəmədən Fərman Ceyranlıya bəraət istəyir

Tbilisi Şəhər Məhkəməsinin 6 illiyə azadlıqdan məhrum etdiyi azərbaycanlı cərrah, “Lancet” klinikasının həmtəsisçisi Fərman Ceyranlının vəkilləri yuxarı məhkəmədən ona azadlıq tələb ediblər.

Vəkilləri cərrah barədə hökmdən Gürcüstan Apellyasiya Məhkəməsinə şikayət ediblər.

Bu haqda cərrahın qızı Lalə Hüseynli məlumat verib.

Onun bildirdiyinə görə, vəkilləri və yaxınları F.Ceyranlı barəsində hökmü qanunsuz və əsassız hesab edirlər.

Apellyasiya şikayətində vurğulanır ki, məhkəmə işə baxarkən qanunları düzgün tətbiq etməyib. Ardınca isə hökm maddi və prosessual hüquq normaları pozulmaqla çıxarılıb.

Yuxarı məhkəmədən F.Ceyranlı barəsində hökmün ləğv olunması, cərraha bəraət verilməsi istənilib.

Şikayətə nə vaxt baxılacağı hələlik bəlli deyil.

Əslən Gürcüstandan olan F.Ceyranlı 1980-ci illərdən Azərbaycanda yaşayıb, orada təhsil alıb və işləyib. 1993-cü ildən Azərbaycan Səhiyyə Nazirliyində Elm İdarəsinin rəisi, 1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. Eyni zamanda, Səhiyyə Nazirliyinin baş cərrahı olub. O, bir neçə il əvvəl Gürcüstana gedərək “Lancet” klinikasının yaradıcılarından biri olub və bu il mayın 22-də həbs edilib.

F.Ceyranlı Gürcüstan Cinayət Məclləsinin 180 və 247-ci maddələri ilə (dələduzluq, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətmək) ittiham olunurdu. Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürməsindən sonra vəfat edən bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb.

Tbilisi Şəhər Məhkəməsi fervalın 8-də azərbaycanlı həkimə 6 il həbs cəzası verilməsi haqda hökm çıxarıb. Hökmdə vurğulanır ki, məhkəmə zamanı cərraha qarşı ittihamlardan yalnız dələduzluq ittihamı təsdiqini tapıb.