Aropa Parlamenti Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməyəcək

Avropa Parlamenti Azərbaycanda aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkisini müşahidə etməyəcək.

Bu barədə Avropa Parlamentinin mövqeyini qurumun Demokratiyanın dəstəklənməsi və seçki koordinasiya qrupunun həmsədrləri  David McAllister  və  Linda McAvan açıqlayıblar.

“Avropa Parlamenti bu seçki prosesini müşahidə etməyəcək. Nə prosesi, nə sonra elan ediləcək nəticələri şərh edəcək. Avropa Parlamentinin hansısa üzvünə fərd olaraq bu seçki prosesini müşahidə etmək, onu şərh etməklə bağlı mandat verilməyib”, – deyə, açıqlamada bildirilib.

Eyni zamanda qeyd olunub ki, Avropa Parlamentinin hansısa üzvü fərdi şəkildə bu seçkiləri müşahidə etməyə qərar verərsə, bunun öz təşəbbüsü olduğunu ifadə etməli, parlament adından çıxış etməməlidir.

Sənədə görə, Avropa Parlamenti yaz sessiyasından əvvəl, plenar iclas zamanı Avropa Birliyi və Azərbaycan arasında münasibətlər barəsində hesabat qəbul edəcək. Aİ-nin Azərbaycanla bağlı rəsmi mövqeyini də məhz həmin hesabatın ifadə edəcəyi bildirilir.

 

Xatırlatma

2016-ci il sentyabrın 26-da keçirilmiş referendum nəticəsində qanunvericiliyə edilmiş dəyişikliklərə görə, Azərbaycan Prezidentinə növbədənkənar prezident seçkisi təyin etmək səlahiyyəti verilib.

2018-ci il fevralın 5-i prezident İlham Əliyev 11 aprel tarixində növbədənkənar prezident seçkisinin keçirilməsi barədə sərəncam imzalayıb.

Müxalif Müsavat və Xalq Cəbhəsi partiyaları, Milli Şura seçkilərin antidemokratik şəraitdə keçirildiyini bildirirərək, ona qatılmaqdan imtina ediblər.

15-ə qədər partiya sədri, deputat və fərdi şəxs prezidentliyə namizədliklərini irəli sürüb.