ATƏT PA sədri “Kanal 13”-ün həbsdəki direktoru ilə görüşüb

Martın 14-də ATƏT Parlament Assambleyasının Azərbaycanda səfərdə olan sədri Giorgi Tsereteli “Kanal 13” internet televiziyasının həbsdəki rəhbərlərindən Əziz Orucovla görüşüb.

Bu barədə jurnalistin xanımı Lamiyə Orucova bildirib.

L.Orucovanın sözlərinə görə, görüş haqda ona G.Tsereteli şəxsən məlumat verib:

“Bu haqda G.Tsereteli mənə zəng edib bildirdi. O vurğuladı ki, parlamentin sədri Oqtay Əsədovla görüşüb. Bu görüşün Əziz Orucovun işinə müsbət təsir edəcəyini bildirdi. Dedi ki, Əziz Orucovun da azad olunacağına ümid edir. Əlindən gələn bütün yardımı göstərəcəyini dedi”.

ATƏT Parlament Assambleyasının sədri G.Tsereteli-nin rəhbərlik etdiyi nümayəndə heyəti martın 10-da Azərbaycana gəlib. O, Azərbaycan prezidenti İ.Əliyev, Milli Məclisin sədri O.Əsədov və bir sıra rəsmilərlə görüşüb.

Bundan əlavə, Tsereteli Bakıda ATƏT Parlament Assambleyasının İpək Yoluna Dəstək Qrupunun “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu” mövzusunda beynəlxalq konfransa qatılıb.

Xatırlatma

Əziz Orucov 2 may tarixində polisə müqavimət ittihamı ilə saxlanılıb. Ona 30 sutka inzibati həbs cəzası verilib.

Həbs müddətinin bitdiyi 1 iyun tarixində Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb. Ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsi Ə.Orucova 6 il həbs cəzası verib.

Əziz Orucov ittihamları qəbul etmir.