Avropa Parlamentinin üzvləri siyasi məhbusların buraxılmasını tələb edir

Avropa Parlamentinin bəzi deputatları Azərbaycanla Avropa Birliyi arasında yeni razılaşmanın ratifikasiyası üçün REAL hərəkatının lideri İlqar Məmmədov və digər siyasi məhbusların azadlığa buraxılmasını tələb edib.

Bu tələb bu həftə Avropa Parlamentinin xarici işlər komitəsində AB-Azərbaycan hərtərəfli sazişiylə bağlı tövsiyələri əhatələyən, məruzəçi Nicolai Norica-nın hazırladığı hesabat layihəsi üzrə debatlarda səslənib.

“SEÇKİYƏ HAZIRLIQ ATƏT PRİNSİPLƏRİNƏ UYĞUN DEYİL”

Parlamentin Niderlanddan olan üzvü Kati Piri-nin köməkçisi Nienke van Heukelingen-in AzadlıqRadiosu-na bildirməsinə görə, xanım deputat çıxışında Azərbaycanla danışıqlarda əsas 3 məsələyə – demokratiya, hüququn aliliyi və insan haqlarına sayqıya diqqət ayrılmalı olduğunu bildirib.

Deputat üzvü olduğu Sosialist və Demokratlar alyansı üçün bu məsələnin önəm daşıdığını qeyd edib:

“Siyasi məhbusların azadlığa buraxılması yönündə aydın və gözəçarpan addımlar atılmayınca ratifikasiya gerçəkləşməməlidir.. Bu, əsas tələb kimi qoyulmalıdır. Məncə, Avropa Parlamenti adından Azərbaycan hakimiyyətinə ilkin mövqeyimizi xatırlatmalıyıq – beynəlxalq öhdəliklərə, özəlliklə də Avropa İnsan Haqları məhkəməsinin qərarlarının icrasına tam sayqıyla yanaşırıq. Fikrimcə, hesabat layihəsində əsas çatışmayan məqam qarşıdan gələn prezident seçkiləridir. Seçkiyə hazırlıq prosesinin ATƏT-in prinsiplərinə uyğun olmadığını aydın şəkildə görürük. Əsas namizəd olacaq şəxslərdən biri – İlqar Məmmədov hələ də həbsdədir. Müxalifət seçkini boykot edir, səsvermə üçün bərabər şərait yaradılmadığını bildirir. Sərbəst toplaşma və birləşmə azadlığı yoxdur. Avropa Parlamentinin bu hesabata razılıq verməsində bir faktor kimi onların azad və ədalətli seçki keçirə bilməməsi də nəzərə alınmalıdır”.

Parlamentari Dağlıq Qarabağ münaqişəsinin daha bir önəmli məqam olduğunu, təmsil etdiyi alyansın Azərbaycanın ərazi bütövlüyünə sayqıyla yanaşdığını vurğulayır. O, Dağlıq Qarabağın statusunun mübahisəli, ətraf regionların Ermənistanın işğalı altında qaldığını, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, işğal altındakı ərazilərin Azərbaycana qaytarılmalı olduğunu qeyd edir. Deputatın fikrincə, parlamentin Azərbaycanla Ermənistan arasında dialoqa yüksək prioritet verdiyi sənəddə qeyd olunmalıdır.