Azərbaycan ABŞ-da qasırğadan ziyan görmüş sinaqoqun bərpasına maddi yardım edib

Bakı ilə qardaşlaşmış Hyuston şəhərində Azərbaycan icması, Azərbaycanın ABŞ-dakı səfirliyi, Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyası (AZİZ) və ABŞ Konqresinin nümayəndələri  Hyustonda yəhudi icmasının ən böyük dini məbədi – Bet Yeşurun sinaqoquna baş çəkib.

Onlar, ötən il Harvi qasırğası nəticəsində zərər görmüş sinaqoqda aparılan bərpa işləri ilə tanış olublar.

Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, Azərbaycan nümayəndə heyətini Bet Yeşurun sinaqoqunun rəhbərliyi, Amerika Yəhudi Komitəsinin Hyustondakı direktoru və digər yerli yəhudi icmasının tanınmış üzvləri qarşılayıb.

Bu məqsədlə təşkil edilmiş tədbirdə Azərbaycan və yəhudi xalqları arasında dostluq ənənələrinə uyğun olaraq, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası və Hyustonda Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri İradə Axundova bu sinaqoqun bərpasına maddi yardım təqdim edib və Azərbaycanın hər zaman dostlarının yanında olduğunu vurğulayıb.