Azərbaycanda orqan köçürməsi edən yeganə həkimin Gürcüstanda ölümlə nəticələnən əməliyyatları

Mərkəzi Neftçilər Xəstəxanasında “Cərrahiyyə və orqan transplantasiya” bölməsinin müdiri Mircəlal Kazıminin qapısının qarşısı səhər saat 10-dan böyrək və ciyər problemi olan xəstələrlə dolmağa başlayır.

Xəstələrin bir-birlərinə verdikləri suallardan hiss olunur ki, əksəriyyəti Xoşqədəm Baxşəliyevanın verilişindən gəlib:

“Xoşqədəm xanımın verlişindən gəlmisiniz siz də? O, həmişə Mircəlal həkimi tərifləyərək onun çox yaxşı qaraciyər və böyrək həkimi olduğunu deyir”.

Mircəlal Kazımi Azərbaycanda qaraciyər köçürmələrini həyata keçirən yeganə həkimdir. İFact.ge-nin jurnalisti Azərbaycanın Səhiyyə Nazirliyinin mətbuat xidmətinə qaraciyər köçürməsi ilə bağlı sual ünvanlayan zaman “Mircəlal həkimə zəng vurun, o, bu sualların cavabını daha yaxşı bilir” – cavabını alıb.

Jurnalistin “Gürcüstan və “Lanset” ilə bağlı suallarına qədər Kazımi həyata keçirdiyi uğurlu qaraciyər və böyrək köçürmələrindən danışıb. Amma bu söhbət əsas məsələyə, yəni “Lanset” klinikasında baş verən son hadisələrə gələndə Kazıminin “Gürcüstanı söhbətə qarışdırmayın, mən bu barədə heç nə danışmayacam” deməsi ilə sonlanıb.

Həkim Kazımi 2016-cı ilin mart ayında Gürcüstana gələrək orada yerləşən “Lanset” klinikasında 1 həftə ərzində Gürcüstan vətəndaşları Karlo Kekelidze (64) və Giorgi Çubinidzeyə (41) qaraciyər köçürməsi edib, amma əməliyyatlardan 1 həftə sonra xəstənin hər ikisi vəfat edib.

Qaraciyər köçürmə əməliyyatında Kazımi ilə birlikdə Mərkəzi Neftçilər Xəstəxanasının daha üç həkimi: Kamran Beydullayev, Qulam Rüstəmzadə və Mayıl Sadıyev də iştirak edib. Adları çəkilən həkimlərin Gürcüstan Səhiyyə Nazirliyindən bu əməliyyatları həyata keçirmək üçün müvafiq tibbi sertifikatları olmayıb. İndi onların hər biri ölkədə tibbi sertifikatsız qaraciyər köçürmə əməliyyatı etmək və dələduzluq ittihamı ilə cinayət işində günahlandırılırlar.

Gürcüstan Baş Prokurorluğun məlumatında bildirilir ki, Karlo Kekelidzenin əməliyyat üçün klinikaya ödədiyi 99 min laridən 35.000 min lari (təxminən 24 min manat) Mircəlal Kazımiyə çatıb.

2014-cü ildə Mircəlal Kazımi Gürcüstanın Səhiyyə Nazirliyindən ölkədə tibbi fəaliyyət göstərmək və əməliyyatlar həyata keçirmək üçün 1 illik müvafiq sertifikat əldə edib. Kazımi “Lanset” klinikası və tibbi infrastruktur ilə 15 ay tanışlıqdan sonra 2016-cı ilin mart ayında iki qaraciyər köçürməsi həyata keçirib. Amma həyata keçirdiyi hər iki əməliyyatdan sonra xəstələr vəfat edib.

Gürcüstanın Baş Prokurorluğun yaydığı məlumatda deyilir ki, klinika rəhbərliyi pasiyentlərin cəlb olunması məqsədilə sosial şəbəkə və televiziya vasitəsilə Türkiyədən transplantologiya sahəsi üzrə həkimin dəvət olunduğu, onun qaraciyər problemləri olan insanlar üçün ödənişsiz konsultasiyalar keçirməsi ilə məlumatlar yaymağa başlayıb.

Xəstələrdən biri, Giorgi Çubinidze 2016-cı il, aprelin 10-da gecəyarısı əməliyyatdan əvvəl klinikadan notariusa 40 min dollar dəyərində olan borc sənədini imzalamaq üçün aparılıb.

Gürcüstanın Səhiyyə Nazirliyi “Lanset” klinikasına birinci qaraciyər köçürmə əməliyyatına icazə vermədiklərini, ikinci əməliyyatdan isə xəbərdar olmadıqlarını bildirib. “Lanset” klinikasının rəhbəri Fərman Ceyranlı dələduzluq ittihamı günahkar hesab edilərək 6 il müddətinə azadlıqdan məhrum edilib.

Pasiyentlər

Karlo Kekelidze “Lanset” klinikasına 40 min dollar ödəməmişdən əvvəl illərlə İspaniyada qaraciyər problemlərinə görə həkim yoxlanışından keçib. Buna baxmayaraq həkim Kazımi təcili əməliyyata ehtiyacı olduğunu bildirərək Kekelidzeyə qaraciyər köçürməsi edib.

Kekelidzenin məsələsinə Gürcüstanın Səhiyyə Nazirliyi Kazımi qədər təcili yanaşmayıb. İnsan Hüquqları Mərkəzi və hər iki zərərçəkən ailənin vəkili Nestan Londarizdenin sözlərinə görə, Kekelidzenin əməliyyatına Səhiyyə Nazirliyi icazə verməyib. Buna baxmayaraq həkim Kazımi əməliyyatı həyata keçirib və 7 gün sonra xəstə vəfat edib.

Karlo Kekelidze əməliyyatından 4 gün sonra Gürcüstanın GDS kanalına müsahibə verib.

Londarizde bildirir ki, “Lanset”in direktoru Fərman Ceyranlının məhkəmə prosesində ekspertlər Kekelidenin təcili əməliyyata ehtiyacı olmadığını bildirib.

Birinci pasiyent, Karlo Kekelidzenin donoru qızı Leona Dolorenti olub. Gürcüstan Transplantologiyalar Assosiasiyasının rəhbəri Gia Tomadze deyir ki, orqan (qaraciyər və böyrək) köçürməsi üçün donor və pasiyent mütləq qohum olmalıdır, çünki onların qaraciyərləri bir-birlərinə daha uyğundur.

Səhiyyə Nazirliyi açıqlamasında bildirir ki, Kekelidze və qızının qohumluq əlaqələri sənədlərdə tam aydın göstərilməyib. Tibbi fəaliyyətlər üçün Dövlət Tənzimləmə Agentliyinin rəhbəri Natia Nogadieli deyir ki, donor və pasiyentin qohumluq əlaqələrini göstərən sənədlər kifayət qədər olmadığı üçün onlardan yeni sənəd tələb olunub. Bu sənədlər siyahısına sağlamlığı göstərən qan analizləri
daxildir. Yeni qaraciyəri pasiyentin bədəninin nə dərəcədə qəbul edib-etməyəcəyinə daha əmin olmaq üçün bu sənədlərin yoxlanılması vacibdir.

Əməliyyata icazə vermək üçün səlahiyyətli qurum (Gürcüstan Transplantogiyalar Assosiasiyası) bu sənədləri gözdən keçirir. Nogadieli sənədləşdirmə prosesinin onlayn olduğunu və əməliyyatla bağlı 48 saat ərzində səlahiyyətli qurum tərəfindən qərar verildiyini bildirib.

Tələb olunan sənədləri ailə nazirliyə təhvil verməmişdən əvvəl artıq Kazımi 11 saat davam edən qaraciyər köçürmə əməliyyatını həyata keçirib. Ailə məhkəmə zamanı Kekelidzedən əməliyyatdan sonra qara nəcis gəlməsini müşahidə etdiyini bildirib. Ceyranlının məhkəməsində də ölüm səbəbi kimi daxili qanaxma göstərilib.

2016-cı il, martın 7-də – Kekelidzenin əməliyyatından 4 gün sonra Gürcüstanın TV kanalı olan GDS “Lanset” klinikası və həkim Mircəlal Kazıminin qaraciyər köçürmə əməliyyatlarına aid xüsusi proqram hazırlayıb. Veriliş vaxtı klinika daha çox uğurlu qaraciyər köçürmələri həyata keçirəcəklərinə, hətta əməliyyatlar üçün xüsusi məktəb başladacaqlarına dair sözlər verib. Proqramda yer alan videoda Kekelidze GDS kamerasına belə deyib: “Əməliyyatdan sonra yenidən doğulduğumu hiss edirəm”.

İkinci pasiyent, Giorgu Çubinidzenin qaraciyər müalicəsi illərlə İspaniyada aparılıb.

“İspan həkimlərindən əldə etdiyimiz hesabatda Çubinidzenin təcili əməliyyata ehtiyacı olmadığı göstərilib. O, sadəcə hər 6 aydan bir qaraciyər yoxlanışından keçməli idi”,- vəkil Londarizde belə deyir.

İspaniyadan qayıtdıqdan 3 ay sonra Çubinidzenin ailəsi televiziya kanallarında Türkiyədən həkimlərin Tbilisidə, “Lanset” klinikasında olduğunu gördükdən sonra ora gedərək həkimlə məsləhətləşmək qərarına gəlib.

Vəkil Londarizdenin sözlərinə görə, “Lanset” həkimləri Çubinidzeyə təcili əməliyyata ehtiyacı olduğunu bildirib. Bu cavabdan sonra ailə əməliyyat üçün İspaniyaya getmək istədiklərini vurğulayıb, amma “Lanset” həkimləri Çubinidzenin trombu olduğunu, təyyarəyə minəcəyi halda bunun onu öldürə biləcəyi cavabını verib.

Tibbi fəaliyyətlər üçün Dövlət Tənzimləmə Agentliyinin rəhbəri Natia Nogadielnin sözlərinə görə, hər iki əməliyyat Səhiyyə Nazirliyinin icazəsi olmadan keçirilib.

Amma tibbi ekspertlər Ceyranlının məhkəməsində bunun əksini deyib.

Vəkil Londarizde bildirir ki, “Lanset” həkimləri Almaniya klinikasına bəzi test nəticələrini göndərərək qaraciyər köçürməsi ilə bağlı onlardan məsləhət istəyib. Ancaq həkim Kazımi bu cavabların gəlməsinə məhəl qoymarayaq əməliyyatı həyata keçirib. Çubinizdeyə donorluğu qohumu İona Şengeliya edib, amma əməliyyatdan 7 gün sonra Çubinidze həyatını itirib.

Ailə əməliyyatın pulunu, yəni 40 min dolları ödəmək üçün xəstəxanadan bir neçə gün möhlət istəməsinə baxmayaraq klinika bunu qəbul etməyib, Çubinidzenin təcili əməliyyata ehtiyacı olduğunu bildirib. Daha sonra klinika həmin məbləği borc qismində Çubinidzenin ailəsinə verməyi təklif edib. Ona görə də, gecə vaxtı yatağından notariusa aparılaraq Çubinidzeyə borc sənədi imzalatdırılıb. Onun həyat yoldaşının adında heç bir əmlak olmadığı üçün Çubinidze sənədləri özü imzalamalı olub.

Borc sənədini imzalayanlardan biri Çubinidze, digəri isə “Lanset” klinikasıın vəkili Giorgi Arçbadze olub. Sənəddə bu pulun Çubinidzeyə nə üçün verilməsi yazılmayıb və “Lanset” sözü də qeyd olunmayıb. Sənəddə ailənin verilən borc 1 ay ərzində geri qaytarmayacağı tədqirdə hər gün üçün 1 faiz artacağı yazılıb.

Çubinizdenin ölümündən sonra klinika ailədən həmin pulu ödəməsini tələb edib, amma ailə bunu rədd edib.

“Qaraciyər, böyrək, ağciyər çatışmazlığı və qanaxma”. Bunlar Çubinizdenin ölüm səbəbləri kimi göstərilib. Tomadzenin sözlərinə görə, Çubinidzenin əməliyyatından onların xəbəri olmayıb.

Həkim Kazımi müsahibəsində bunun əksini deyir. Onun sözlərinə görə, hər iki xəstə Gürcüstanın Səhiyyə Nazirliyində olub və nazirlik onların əməliyyatına icazə verib.

“Azərbaycanda proses tamamilə fərqlidir. Xəstə öz donoru ilə gəlir və biz onların bir-birinə nə dərəcədə uyğun olduğunu yoxladıqdan sonra əməliyyata qərar veririk”.

“Azərbaycanda köçürmə əməliyyatı edən yeganə həkiməm. Keçirilən 3 qaraciyər köçürməsi üçün Türkiyədən həkim dəvət olunub, qalan bütün əməliyyatları mən özüm etmişəm. Əməliyyatdan əvvəl bütün xəstələri risklər barədə xəbərdar edirik”.

“Gürcüstanda proses bizdən tamamilə fərqlidir. Donor və xəstəni Səhiyyə Nazirliyi yoxladıqdan sonra onlar əməliyyatın keçirib-keçirilməməsinə dair qərar verir”.

“Azərbaycanda elə hallar olur ki, donor və xəstə bir-birinə uyğun gəlmir. Uyğun gəldiyi halda gün təyin edib əməliyyatı edirik”.

Kazıminin sözlərinə görə, 2008-ci ildən edilən 117 qaraciyər köçürməsindən 14 nəfər həyatını itirib.

“Lanset” klinikasında keçirilən 2 qaraciyər köçürmə əməliyyatından sonra hər iki xəstə vəfat edib.

2014-cü ildən bugünə qədər Gürcüstanda 33 qaraciyər köçürülməsi edilib. Aversi, Tbilisidəki “İngorovka” və Batumidəki “Evex” klinikasının bu əməliyyatları etmək icazəsi var. Edilən əməliyyatlardan cəmi 5 nəfər vəfat edib.

Tomadzenin sözlərinə görə, xarici həkimlər Gürcüstanda fəaliyyət göstərmək üçün xüsusi tibbi sertifikat əldə etməlidir. Həkim Kazımi də Gürcüstana gələndə bu sertifikatı əldə edib, amma həyata keçirdiyi 2 əməliyyat zamanı onun sertifikatının müddəti bitib. Ölüm hadisələrindən 2 ay sonra Kazımi yenidən 6 aylıq sertifikat əldə edib. Onunla əməliyyatda iştirak edən digər 3 həkimin də sertifikatı olmayıb.

“Xarici həkimlərin qeydiyyatı üçün biz vətəndaşlığı, təhsili, öz ölkəsində olan tibbi sertifikat və həkimlik fəaliyyətini yoxlayırıq. Sonra Səhiyyə Nazirliyinə həmin həkim barədə məlumat veririk. Sonuncu qərarı nazirlik verir”,- Tomadze belə deyir.

Tomadzenin sözlərinə görə, həkim Kazımi böyük ehtimal sertifikatının müddətinin bitdiyini unudub:
“Mən onu şəxsən tanıyıram, o, çox yaxşı insandır. Ona şəxsən ölkədə sertifikat alması üçün nazirliyə tövsiyə vermişəm. Biz onun burada əməliyyatlar keçirməsini istəyirdik”.

Kazımini klinika rəhbərliyinin niyə türk həkimi kimi təqdim etməsilə bağlı sualımıza Tomadze belə cavab verir:
“Reklam yəqin ki, səhvən olub, amma bunun qəsdən, ya da təsadüfən baş verdiyini bilmirəm. O, tibb sahəsində Türkiyədə təhsil alıb”.

Gürcüstanın Baş Prokurorluğunun yaydığı məlumatda deyilir ki, klinika rəhbərliyi pasiyentlərin cəlb olunması məqsədilə sosial şəbəkə və televiziya vasitəsilə Türkiyədən transplantologiya sahəsi üzrə həkimin dəvət olunması, onun qaraciyər problemləri olan insanlar üçün ödənişsiz konsultasiyalar keçirməsi ilə bağlı məlumatlar yaymağa başlayıb.

Klinika rəhbəri Ceyranlı öz həbs səbəbini Azərbaycanda olan siyasi məsələlərə bağlayır. Hakimiyyətyönümlü media qurumu hazırladığı məqalələrdə Ceyranlını müxalifət nümayəndələrini dəstəkləməkdə günahlandırıb.

“Lanset” klinikası bağlandıqdan sonra “Viva Medi Clinic” adı ilə yenidən fəaliyyətə başlayıb.

Həkim Kazımi məsələ ilə bağlı APA-ya açıqlamasında bildirib ki, Ceyranlı düşdüyü durumdan qurtulmaq üçün onun adını məhkəmədə hallandırıb:

“Aldığım məlumata görə, təyin olunan ekspertiza da tibbi olaraq hər hansı bir xətanın olmadığı barədə rəy verib. Yəni, Fərman Ceyranlının məsuliyyətə cəlb olunması ilə mənim etdiyim əməliyyatların heç bir əlaqəsi yoxdur”.

“Qaldırılan iddiaların başlıca mahiyyəti xəstələrin Fərman Ceyranılda maddi təzminat tələbi ilə bağlıdır. Tam məsuliyyətilə bildirirəm ki, mənim sözügedən prosesdə adları hallanan xəstələrlə heç bir pul alış-verişim olmayıb”- Kazımi deyib.

Baş verənlərdən belə görünür ki, Kazımi Gürcüstanda keçiriləcək məhkəmələrdə iştirak etməyəcək.

“Hər şey araşdırılacaq və biz bəraət alacağıq”- Kazıminin son sözü belə olub.