Britaniya varlılara verilmiş vizalara “yenidən baxacaq”

“The Independent” qəzetinin yazdığına görə Theresa May, Rusiyanın Birləşmiş Krallıq ərazisində kimyəvi hücum həyata keçirdiyinə dair iddialarla bağlı varlı xaricilərə verilmiş vizalara yenidən baxılacağını bəyan edib.

Hökumətin Rusiyaya münasibətinə dair suallara cavab verərkən baş nazir parlament komitəsinə deyib ki, Daxili İşlər Nazirliyi “investor vizalarına” yenidən baxacaq.

May əlavə edib ki, bu vizaların yenidən nəzərdən keçirilməsi yalnız Rusiya ilə bağlı atılmış addım deyil.

Bundan əvvəl Britaniya 23 Rusiya diplomatının ölkədən çıxarılması barədə qərar qəbul etmişdi.

Bu addım İngiltərənin Salisbury şəhərində keçmiş Rusiya casusu Sergey Skripal və onun qızının kimyəvi maddə ilə zəhərlənməsi ilə bağlı atılmışdı.

London bu hücumda Moskvadan şübhələndiyini qətiyyətlə bildirir.

May bunu da xatırladıb ki, artıq indiyədək 25 ölkə və NATO Rusiya diplomatlarının qovulması barədə qərar qəbul ediblər.

“Mən topladığımız beynəlxalq dəstəyi salamlayıram. Bu yalnız Birləşmiş Krallığın mövqeyi deyil. Məncə bu, sözü gedən ölkələrin milli təhlükəsizliyi ilə bağlı məsələdir” – deyib baş nazir.

O əlavə edib ki, beynəlxalq reaksiya Kremlə “bizim beynəlxalq qanunların pozulmasına dözməyəcəyimizi nümayiş etdirir”.

Theresa May bir daha vurğulayıb ki, Rusiya təkcə Britaniyanın deyil, bir çox başqa dövlətlərin də təhlükəsizliyinə hədə yaradır.

İki ölkə arasında son dərəcə gərgin münasibətlərə baxmayaraq Theresa May Rusiyanın Kemerovo şəhərində 64 nəfərin ölümü ilə nəticələnmiş yanğınla bağlı Rusiya prezidenti Vladimir Putinə başsağlığı verib.

MƏNBƏBBC
Əvvəlki məqaləİnsanın yeni orqanı kəşf olunub
Növbəti məqalədəAzərbaycanda orqan köçürməsi edən yeganə həkimin Gürcüstanda ölümlə nəticələnən əməliyyatları