İranda stadionlar qadınların üzünə açılır

İllər sonra İran qadınlarına paytaxt Tehranda kişilər arasında keçirilən mühüm idman yarışını izləməyə stadiona gəlməyə icazə verilib.

Çoxsaylı qadın fanat Tehranın “Azadi” idman kompleksinə toplaşıb. Beynəlxalq Basketbol Federasiyasının (FIBA) 2019-cu il Dünya çempionatının Asiya seçim mərhələsində İranla İraq komandalarının oyunu 83:53 hesabı ilə sona çatıb.

Ancaq İran hökuməti qadınların kişilərin idman yarışlarını izləməsiylə bağlı mövqeyini yumşaltdığından bu gün əsl qaliblər qadın fanatlar sayıla bilər. Dini hökumət uzun zamandan bəri İran qadınlarının futbol yarışlarını stadiondan izləməsini yasaqlayıb. Son illərdə isə bu qadağa basketbol və voleybol da daxil, digər populyar idman növlərinə də aid edilib. Hökumətin bu addımı istər ölkə daxilində, istərsə də dünyada tənqidlərlə üzləşib, həm də İranın mühüm idman tədbirlərinə ev sahibliyi etmək imkanlarına təhlükə yaradıb.

Üçxallıq qələbə

İranın gündəlik “Arman” qəzeti qadın tamaşaçıların fotolarını “”Azadi”nin qapıları qadınların üzünə açılır” başlığı ilə dərc edib. Bu başlıq fars dilində “azadlıq” mənasını verən “azadi” kəlməsi üzərində qurulan söz oyunudur.

Tehran bələdiyyəsinə aid gündəlik «Həmşəhri» qəzeti isə basketbol oyununa tamaşa edən bir qrup qadının fotosunu “Azadiyə dönüş” başlığı ilə dərc edib.

“İran Varzeşi” adlı gündəlik idman qəzeti baş verənləri “qadınların üçxallıq atışı” adlandırıb. Basketbol termini olan bu ifadə topun uzaqdan atılaraq səbətə düşməklə komandaya 1 yox, 3 xal qazandırmasını nəzərdə tutur. Qəzet milli komandanın qələbəsini “ikiqat qələbə” adlandırıb.

Gündəlik “Hamdeli” qəzeti hətta bir qədər də qabağa gedərək qadınların bundan sonra bütün idman yarışlarına qatılmasına icazə veriləcəyini yazıb.

Yarışa baxmaq üçün idman kompleksinə getdiyini iddia edən bəzi qadınlar sosial mediada fotolarını paylaşıblar. Bir Twitter istifadəçisi yazıb:

“İranla İraq arasında basketbol oyununun başlanmasına 30 dəqiqə qalır, ancaq stadionun qadınlara aid hissəsi artıq doludur”.

Oyuna baxmağa gələn başqa bir Twitter istifadəçisi yüklədiyi fotoya “Stadion rəsmən qadınlarla doludur” başlığı qoyub.

İran hökuməti vaxtaşırı məhdud sayda qadının idman yarışlarına qatılmasına icazə verməklə sözügedən qadağanı bir qədər yumşaldıb. 2017-ci ilin fevralında mühafizəkar islam respublikasının kurort zonalarından biri, dəbdəbə və nisbi azadlıq vadisi sayılan Kiş adasında keçirilən voleybol turniri zamanı da belə bir addım atılmışdı.

Qadınları “qorumaq”

İran rəsmiləri bu qadağanın qadınları “qorumaq” və islam normalarına əməl etmək baxımından vacib olduğunu bildirmişdilər. Hökumətin iddiasına görə, idman stadionlarındakı atmosfer İran qadınlarına uyğun deyil. Rəsmilər bunu idmançıların geydiyi uniformanın bədən hissələrini göstərməsi və idman yarışları zamanı stadionda kobud, nalayiq sözlərin işlədilməsi ilə izah edirdilər. Ancaq bütün bunlar əcnəbi qadınlara şamil edilmirdi. Belə ki, onların İranda idman yarışlarına qatılmasına heç bir qadağa qoyulmamışdı.

Qadın hüquqları fəalları bu qadağanın islam respublikasında cinsi ayrıseçkilik örnəklərindən biri olduğunu iddia edirdilər. Bəllidir ki, ölkədə qadınlar uzun müddət ciddi geyim qaydalarına əməl etməli idilər, fərqli cinslərdən olan insanların ailə xaricində ünsiyyəti isə məqbul sayılmırdı. Ancaq bəzən qadınlar bu qadağaya tabe olmur, kişi cildinə girərək stadionlara daxil olurdular.

Ötən illər ərzində məhdud sayda qadının xüsusi dəvətnamələrlə iri idman tədbirlərinə qatılmasına icazə verilib. Bundan başqa, çoxsaylı qadın milli komandaları dəstəkləmək üçün xaricdə keçirilən yarışları izləməyə gedib.