MMM piramidasının yaradıcısı dünyasını dəyişib

1990-cı illərdə milyonlarla rusiyalını əmanətlərindən məhrum etmiş MMM piramidasının yaradıcısı, biznesmen Sergei Mavrodi ürək tutmasından vəfat edib.

Rusiya mediasının yazmasına görə, 62 yaşlı biznesmen martın 25-də axşam ürəyində ağrıyla xəstəxanaya aparılıb, bir neçə saatdan sonra dünyasını dəyişib.

Mavrodi-nin MMM maliyyə piramidası çərçivəsində ilkin investorlar sonra gələnlərdən qazanc götürürdü. O, investorlara aya 20-75% gəlir, lotereyalar, bonuslar vəd edirdi.

Yeni müştərilərin axını kəsilən kimi piramida iflas etdi, azı 10 milyon nəfər böyük maliyyə itkisiylə üzləşdi, bəziləri ehtiyac içində yaşamağa başladı.

Mavrodi 1994-cü ildə deputat seçilib, sonradan deyib ki, məqsəd özünün toxunulmazlığını təmin etmək idi. O, 1996-cı ildə parlament toxunulmazlığını itirir.

Məhkəmə 2007-ci ildə biznesmeni maliyyə fırıldağında təqsirli bilir, onu dörd il yarımlıq həbsə məhkum edir.

2011-ci ildə Mavrodi MMM-2011 adlı daha bir piramida sxemini işə salır, ancaq 15 ay sonra onu dayandırır.

Mavrodi 2011-2016-cı illərdə MMM brendi adı altında Hindistan, Çin, Cənubi Afrika, Zimbabve və Nigeriyada piramida sxemləri başladır. Ancaq bu ölkələrin çoxunda onun əməliyyatları ya dayandırılır, ya da ertələnir.