Müxalifətçi Daşqın Ağalarlı Norveçə gedib

2014-cü ildən Gürcüstanda yaşayan siyasi fəal Daşqın Ağalarlı bu ölkəni tərk edib.

Bu haqda AzadlıqRadiosuna onun özü bildirib.

“Gürcüstan artıq mühacir siyasi fəalların yaşaya biləcəyi yerlər sırasından çıxmışdı”, deyən Daşqın Ağalarlı deyib ki, onun pasportunun vaxtı bitmək üzrə idi.

”Pasportumun vaxtı bitməkdə idi. Gürcüstanın əlaqədar qurumları isə mənə pasport vermədi. Pasportsuz qalmaq təhlükəsi vardı. Buna görə də Gürcüstanı tərk etmək məcburiyyətində idim”.

Daşqın Ağalarlı martın 25-də Gürcüstanı tərk edərkən sərhəddə ciddi yoxlamaya, sorğu-suala məruz qaldığını iddia edib.

“Sərhəddə saxladılar. Sənədlərimi aldılar. Bir neçə saat polis nəzarətində saxlandım. Mənə bildirdilər ki, guya, Azərbaycan hökumətinin mənim təhvil verilməyimlə bağlı tələbi var. Uzun sürən yoxlama oldu, sonda sənədlərimi qaytardılar. Həm də buraxılmamda hüquq müdafiə təşkilatlarının narahatlıq ifadə etməsi müəyyən rol oynadı”.

Daşqın Ağalarlı Gürcüstandan Norveçə getdiyini söyləyib:

“Artıq Oslodoyam, bura yerləşmişəm. Sənədləşmə, status məsələləri hələ qarşıdakı günlərdə həllini tapacaq. Ümidvaram ki, bundan sonra daha təhlükəsiz həyatım olacaq”.

Daşqın Ağalarlının bu açıqlamasına, hələlik, Gürcüstanın hüquq-mühafizə orqanlarından münasibət almaq mümkün olmayıb.