REAL 10 mart mitinqində iştirak edib-etməyəcəyini hələlik müəyyənləşdirməyib

REAL Hərəkatı müxalifətin martın 10-da keçirəcəyi mitinqdə iştirak edib-etməyəcəyini hələ müəyyən etməyib.

Ötən gün Hərəkatın nümayəndələri bildiriblər ki, həbsdə olan lider İlqar Məmmədovun fikrini gözləyirlər. Vəkil Fuad Ağayev onunla görüşməliydi.

Martın 2-də 2 saylı koloniyada görüş baş tutub. Ancaq görüşün yekunlarına görə, İ.Məmmədovun mitinqdə iştirak edib-etməməklə bağlı fikri açıqlanmayıb.

Vəkil bildirib ki, koloniya işçiləri İ.Məmmədovun Avropa İnsan Hüquqları Məhkəməsində işi ilə bağlı sənədləri ona çatdırmağa icazə verməyiblər. Söhbət AİHM tərəfindən Azərbaycan hökumətinə sorğulardan və hakimiyyətin cavabından gedir.

Öz növbəsində REAL-ın icra katibi Natiq Cəfərli deyib: “Bizim İlqar Məmmədovla birbaşa əlaqəmiz yoxdur. Biz sualımızı göndərmişik, cavab gözləyirik. Ola bilsin ki, yaxın 2-3 gündə cavabı aldıq”.

Xatırladaq ki, 10 mart mitinqinin təşəbbüsçüsü Milli Şuradır. Sonradan ona Müsavat və Xalq Cəbhəsi partiyaları da qoşulub.