Savchenkoya ömürlük həbs cəzası verilə bilər

Kiyevin Şevçenko rayon məhkəməsi məşhur keçmiş pilot, parlamentə qumbaralar və avtomatik silahlarla terror hücumu hazırlamaqda ittiham olunan Nadia Savchenko barəsində məhkəməyə qədər 2 ay müddətində həbs hökmü çıxarıb.

Savchenko məhkəməyə təqsirsiz olduğunu, ona qarşı ittihamların siyasi mahiyyət daşıdığını və martın 22-də parlamentin binasında saxlanmasının qanunsuz olduğunu bildirib.

O habelə aclıq aksiyasına başladığını bəyan edib.

Məhkəmə hökmündən bir gün əvvəl Ukrayna millət vəkilləri Savchenko-nu deputat toxunulmazlığından məhrum etmişdilər.

Baş prokuror Yuriy Lutsenko Savchenko-nu və onun iddia edilən əlbiri Volodymyr Rubanı hökumət çevrilişi planlamaqda, vəzifəli rəsmiləri qətlə yetirmək cəhdində ittiham edib.

Ruban mart ayının əvvəllərində Şərqi Ukraynada hökumətin nəzarətində olan əraziyə keçərkən saxlanıb. Onun özü ilə gətirdiyi mebel yükünün içində çox sayda silah-sursatın olduğu iddia edilir.

Savchenko bildirib ki, bu silahlar “düşmən ərazisindən ekspertiza üçün gətirilib”.

Savchenko-nun iki ay müddətində həbsdə saxlanmasını tələb etmiş prokuror Oleksandr Bannyk deyib ki, keçmiş pilot ömürlük həbsxana cəzasına məhkum edilə bilər.