Yalçın İmanov Baş Prokurorluğu məhkəməyə verdi

Vəkil Yalçın İmanov Baş Prokurorluğu məhkəməyə verib.

Səbəb isə onun hüquqlarını müdafiə etdiyi şəxslərə işgəncə verilməsi haqda prokurorluğa göndərdiyi müraciətə 10 ay ərzində cavab ala bilməməsi, çıxarılan qərarların ona verilməməsidir.

Bu barədə AzadlıqRadiosuna məlumat verən Y.İmanov bildirib ki, iddia ərizəsi martın 27-də 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilib. Vəkilin sözlərinə görə, hüquqlarını müdafiə etdiyi Aqil İsmayılov və Bəhruz Əsgərovun (hər ikisi Nardaran hadisələrində həbs olunub-red.) işgəncələrə məruz qalması, ləyaqətlərinin alçaldılması haqda şikayətləriylə əlaqədar 2017-ci il iyunun 10-da Baş Prokurorluğa məktubla müraciət edib. Amma bu günə qədər prokurorluqdan heç bir cavab almayıb:

«Sonradan şifahi şəkildə mənə dedilər ki, araşdırma aparılıb və cinayət işinin başlanması rədd olunub, prokurorluğa yazılı şəkildə müraciət edib qərarların surətini ala bilərəm. Oktyabrın 20-də Baş prokuror Zakir Qaralova yazılı qaydada müraciət edib qərarların surətini istəmişəm. Nəticəsi olmadığına görə dekabrın 25-də bir daha Qaralova məktub göndərmişəm. Yenə də heç bir nəticə yoxdur. Martın 27-də Baş Prokurorluğun qəbul otağına gedib, rədd qərarını çıxarmış prokurorlarla əlaqə saxladım. Biri ümumiyyətlə, telefona cavab vermədi, o biri isə heç bir əsas gətirmədən qərarı verməkdən imtina etdi. Baş Prokurorluğun daxili işlər orqanlarında istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Kamal Qılıcov isə «sənin vəkillik fəaliyyətin dayandırılıb, ona görə də qərarlar sənə verilməyəcək» dedi».

Y.İmanov deyir ki, qərarların ona verilməməsi qanunsuzdur. Çünki həmin qərarlar o, adları çəkilən şəxslərə vəkillik etdiyi dövrdə qəbul olunub. İkincisi, onun vəkillik fəaliyyətinə xitam verilməsi haqda hələlik məhkəmə qərarı yoxdur: «Vəkillik fəaliyyətimə xitam verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı olana qədər vəkil hesab edilirəm. Üstəlik, vəkillik fəaliyyətimin dayandırılması müştərilərim qarşısında öhdəliyimi aradan qaldırmır. Mən Avropa Məhkəməsində həmin şəxsləri təmsil edirəm».

Y.İmanov məhkəmədən Baş Prokurorluğun üzərinə qərarları ona vermək öhdəliyi qoymasını istəyir.