Əmək haqqı alanlardan 29 milyon kəsilib – Nemət Əliyev

0
Nemət Əliyev

Nemət Əliyev

Əmək haqqı alanların pul kisəsi iki aya 29 milyon manat boşalıb. Tendensiya davam edərsə, ilin sonunadək işləyənlərin əmək haqqı gəlirləri 174 milyon manat, pensiya fonduna daxilolmalar isə 44 milyon manata qədər azalacaq.

Belə ki, orta aylıq əmək haqqı göstəricisi bu ilin yanvar-fevral aylarında 17 manat 40 qəpik azalıb: yanvar ayında 8 manat 40 qəpik, fevral ayında isə daha 9 manat. İkicə ay ərzində ölkə üzrə orta əmək haqqı səviyyəsi 3,3% azalaraq 528,2 manatdan 510,8 manata düşüb.

DSK-nın rəsmi məlumatlarına əsasən muzdla çalışanların orta siyahı sayı bu ilin yanvar-fevral dövründə 1512,45 min nəfər, 2017-ci ilin yanvar-dekabr dövründə isə 1517,65 min nəfər olub (muzdlu işçilərin orta siyahı sayı bu il 5 min 200 nəfər azalıb). Əgər muzdla çalışanların ölkə üzrə ümumi əmək haqqı fondunun bir aylıq həcmini hesablasaq, məlum olar ki, bu göstərici ötən il 801,6 milyon manat (1517,65 min nəfər x 528,2 manat), bu il isə 772,6 milyon manat (1512,45 min nəfər x 510,8 manat) təşkil edib. Aradakı fərqi hesablasaq, məlum olar ki, ölkə üzrə bir aylıq əmək haqqı fondunun həcmi iki ayda 29 milyon manat azalıb.

Məlumatların təhlili göstərir ki, bu azalmanın 9%-i və ya 2,7 milyon manatı iş yerlərinin bağlanması hesabına, 91%-i və ya 26,4 milyon manatı isə əmək haqqı səviyyəsinin düşməsi hesabınadır. Beləliklə, aydın olur ki, ilin əvvəlindən ötən müddətdə işləyənlərin sosial vəziyyəti ağırlaşıb. Əgər bu iki ayda əmələ gəlmiş bu mənfi tendensiya davamlı olarsa, o zaman ümumi əmək haqqı gəlirləri ilin sonunadək 174 milyon manat məbləğində azalacaq.

Belə bir bir arzuolunmaz hal, heç şübhəsiz ki, pensiya alanların da həyat səviyyəsinə mənfi təsir göstərəcək. Hesablamalar göstərir ki, Sosial Sığorta Fonduna daxilolmalar əmək haqlarının azalması səbəbindən cari ilin yanvar-fevral aylarında 7,3 milyon manat (29 milyon manat x 25%) azalıb. Odur ki, əmək haqqından tutulmalar hesabına Fonda daxilolmalar ilin sonunadək 44 milyon manata qədər azala bilər.

İnflyasiya göstəricisinin alıcılıq qabiliyyətinə mənfi təsirini də buraya əlavə etsək, o zaman ilin əvvəlindən ötən müddətdə ölkədə həyat səviyyəsinin daha çox pisləşməsi qənaətinə gəlmək olar.