ABŞ, Britaniya və Fransa Suriyada hərbi əməliyyata başlayıb

ABŞ prezidenti Donald Trump kimyəvi silahların istehsalı üçün istifadə edilən Suriya hərbi hədəflərinə “önləyici zərbələrin” endirildiyini bəyan edib və deyib ki, bu həmlələr bu cür kütləvi qırğın silahlarından istifadəyə son qoyulması məqsədilə Fransa və Britaniya ilə birlikdə həyata keçirilib.

Trump aprelin 13-də gecə ölkəyə müraciətində deyib ki, o bu zərbələrlə “kriminal” və “qatil diktator” olan Suriya prezidenti Bashar al-Assadın aprelin 7-də Duma şəhərinə iddia edilən kimyəvi silah hücumuna görə “böyük bədəl” ödəməsinə əmr verib.

Trump bir il əvvəl Suriyada zəhərli qazla 100-dək insanın öldürülməsinə cavab olaraq o zaman da hava zərbələrinə əmr verdiyini xatırladıb.

AzadlıqRadiosu xəbər verir ki, Trump hələ müraciətini davam etdirdiyi bir vaxtda Suriya paytaxtı Dəməşq yaxınlığında partlayış səsləri eşidilməyə başlayıb.

Rusiya xəbərdarlıq edib ki, hava zərbələri “nəticəsiz ötüşməyəcək”, Suriya və İran isə bu hücumu“beynəlxalq qanunun kobud şəkildə pozulması” adlandırıblar. Suriya hərbiyyəsi xəbər verir ki, təyyarələrə qarşı silahlardan istifadə olunmaqla 13 raket göydə vurulub.

Londondakı Suriya İnsan Haqları Müşahidə mərkəzi bildirir ki, hava zərbələri “elmi mərkəzə” və Suriya Respublika Qvardiyasının yerləşdiyi hərbi bazalara endirilib.

Mərkəz bunu da bildirir ki, bu hədəflərdən bəzilərindəki hərbi kontingent bir həftə bundan əvvəl Rusiyanın tövsiyəsi ilə evakuasiya olunmuşdu.

Britaniyanın Müdafiə Nazirliyi bildirir ki, Suriyanın kimyəvi silah komponentlərini saxladığı düşünülən Homs yaxınlığındakı qurğuya da zərbə endirilib.

Trump deyib ki, zərbələrdən əsas məqsəd kimyəvi silahdan istifadədən “güclü çəkindirmə” niyyəti olub.O xatırladıb ki, kimyəvi silahlar, tam qadağan olunmazdan əvvəl, Birinci Dünya Müharibəsində 1 milyondan çox insanın həyatına son qoyub.

Trump-ın çıxışı bitdikdən 1 saat sonra Pentaqon bəyan edib ki, 100-dən artıq raket atılıb, lakin hələlik itkilər barədə məlumat yoxdur. Müdafiə Nazirliyi təsdiq edib ki, hava zərbələrinin endirilməsində ABŞ-ın müttəfiqləri də iştirak ediblər.

Britaniya Müdafiə Nazirliyi bəyan edib ki, ilkin məlumatlar zərbələrin uğurlu olduğunu göstərir. Suriya rəsmiləri dinc əhali, habelə hərbi heyət arasında itkilərin olduğunu bildirirlər.

ABŞ müdafiə naziri Jim Mattis deyib ki, hazırda yeni zərbələr nəzərdə tutulmur. Onun sözlərinə görə sonrakı zərbələr Suriyanın kimyəvi silahlardan istifadə edib-etməyəcəyindən asılı olacaq.

Mattis bunu da deyib ki, zərbələr zamanı Suriyadakı Rusiya kontingentinə zərər dəyməməsinə çalışılıb, lakin bununla belə bu əməliyyat barədə Moskvaya öncədən xəbərdarlıq edilməyib.

Rusiyanın Müdafiə Nazirliyi aprelin 14-də, erkən saatlarda bəyan edib ki, raketlərdən heç biri Suriyadakı Rusiya hərbi bazalarına yaxın gəlməyib.

Trump Rusiya və İranı Assad-ın “qatil rejiminə” dəstəyi dayandırmağa çağırıb.

ABŞ prezidenti çıxışında sual edib ki, “günahsız kişi, qadın və uşaqların kütləvi qırğını ilə əlaqələndirilmələrinıə yol verən ölkələrə nə demək olar?”

O əlavə edib ki, dünya ölkələrinə “onların dostlarına görə qiymət verilməlidir”.

Məxsusi olaraq Moskvaya müraciət edən Trump deyib ki, Assad-ın hələ 2013-cü ildə kimyəvi silahlarını məhv etməməsinə görə məsuliyyəti “birbaşa” Rusiya daşıyır.

O deyib: “İndi Moskva qərara gəlməlidir ki, o bu qaranlıq cığırla hərəkətdə davam edəcək, yoxsa stabillik və sülh naminə sivilizasiyalı ölkələrə qoşulacaq”.

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov hücumu qətiyyətlə pisləyib və deyib ki, “gözləntilərdən ən pisi reallaşdırılıb”.

Antonovun bəyanatında deyilir: “Biz xəbərdarlıq etmişdik ki, belə hərəkətlər nəticəsiz qalmayacaq. İndi bütün məsuliyyət Vaşinqton, London və Parisin üzərinə düşür”.

Səfir işarə edib ki, Trump-ın bəzi şərhləri Rusiya prezidentinin təhqiri kimi yozula bilər.

Trump-ın çıxışından bir neçə dəqiqə sonra Britaniyanın baş naziri Theresa May və Fransa prezidenti Emmanuel Macron da öz ölkələrinin xalqlarına müraciət ediblər.

Macron öz müraciətində deyib: “Qırmızı xətt keçilib. Biz kimyəvi silahlardan istifadənin normal bir hala çevrilməsinə yol verə bilməzdik”.

Xanım May deyib ki, “zərbələr məhdud və hədəfli” olub və Suriyanın kimyəvi silah qüdrətinin hədəflənməsinə hesablanıb.

Baş nazir deyib: “Bu vətəndaş müharibəsinə müdaxilə deyil. Bu, rejimin dəyişdirilməsi üçün də edilməyib”.

***

Birləşmiş Ştatlar, Fransa və Britaniya aprelin 13-də BMT Təhlükəsizlik Şurasının təcili iclasında kimyəvi silahdan istifadə iddiaları ilə bağlı Suriya üzərinə hərbi hərəkət təşəbbüsü qaldırıblar.

Lakin ABŞ-ın BMT-dəki nümayəndəsi Nikki Haley deyib ki, “belə qərarlar tələm-tələsik qəbul edilmir”.

Reuters yazır ki, ABŞ prezidenti Donald Trump Suriyaya qarşı hərbi hərəkətlə hədələdikdən sonra BMT Təhlükəsizlik Şurası Suriya böhranını müzakirə etmək üçün bu həftə dördüncü iclasına toplaşıb.

Haley bu toplantıda bəyan edib: “Bizim prezidentimiz hələlik Suriyada mümkün hərəkət barədə qərar qəbul etməyib. Lakin əgər Birləşmiş Ştatlar və müttəfiqlərimiz Suriyada hərəkətə keçmək qərarına gəlsələr, bu hamımızın razılaşdığı prinsipin müdafiəsi sayılacaq”.

ABŞ səfiri daha sonra deyib: “Əgər biz Assad-ın kimyəvi silahdan istifadəni adı normaya çevirməsinə imkan versək bütün ölkələr və bütün xalqlara ziyan dəyəcək”.

Haley bildirib ki, Assad 2011-ci ildə münaqişə başlanandan bəri kimyəvi silahdan azı 50 dəfə istifadə edib.

BMT-nin baş katibi Antonio Guterres deyib ki, beynəlxalq kimyəvi silah ekspertləri kimyəvi silahdan istifadə edilib-edilmədiyini dəqiqləşdirmək məqsədilə Suriyaya gəliblər, lakin bu hücumlar üçün kimin məsuliyyət daşıdığını müəyyənləşdirmək onların missiyasına daxil deyil.

Təhlükəsizlik Şurasında yaranmış pat vəziyyəti ilə bağlı 45-dək insan haqları və humanitar qruplar aprelin 13-də Guterres-i Suriyada qaz hücumlarına görə məsuliyyət daşıyanların aşkar edilməsinə çağırıb.

Rusiya və Suriya bildirirlər ki, Dumada kimyəvi silah hücumu baş verməyib.

Rusiyanın BMT-dəki elçisi Vasili Nebenzya Birləşmiş Ştatları, Fransa və Britaniyanı hərbi hərəkət niyyətinə yenidən baxmağa çağırıb.

Nebenzya deyib: “Onların yeganə marağı Suriya hökumətini devirmək və daha geniş miqyasda Rusiya Federasiyasını buxovlamaqdır”.

Fransanın BMT-dəki nümayəndəsi Francois Delattre deyib: “Suriya rejimi geriyə qayıdılması mümkün olmayan nöqtəyə çatıb. Fransa bizim kollektiv təhlükəsizliyimiz naminə dözülməz hədələrə son qoymaq məsuliyyətinin altına girəcəkdir”.

Kimyəvi silahlardan istifadəyə görə Suriyaya zərbə enidərəcək hər hansı bir ölkə öz hərəkətini BMT Xartiyasının 51-ci maddəsi ilə müdafiə edə bilər.

Suriyanın BMT-dəki nümayəndəsi də öz çıxşındaBMT Xartiyasına əsaslanaraq deyib ki, Dəməşq özünü müdafiə etmək hüququna malikdir.

Guterres bütün dövlətləri “belə təhlükəli şəraitdə məsuliyyətlə hərəkət etməyə” çağırıb.

Rusiya 2011-ci ildən bəri BMT TŞ-nin Suriyaya dair 12 qətnaməsini veto ilə bloklayıb. Bunlardan bir neçəsində Moskvaya Pekin dəstək verib.

Britaniyanın BMT-dəki səfiri Karen Pierce bu barədə deyib ki, Rusiyanın qətnamələri vetolaması və Suriya rejiminin öz xalqına qarşı hərəkətlərini dəstəkləməsi təkcə təhlükəli olmaqla qalmır, həm də İŞİD-in özünü yenidən bərqərar etməsinə şərait yaradır.

***

Aprelin 13-də Rusiyanın təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının Suriya böhranına həsr edilmiş təcili iclası öz işinə başlayıb.

Fransanın BMT-dəki nümayəndəsi François Delattre “Suriyanın Duma şəhərində dinc əhaliyə qarşı kimyəvi silahlardan istifadəni” pisləyib və deyib ki, buna görə məsuliyyəti prezident Assad və onu dəstəkləyən Rusiya daşıyırlar.

Britaniyanın BMT-dəki səfiri Karen Pierce öz çıxışında deyib ki, Suriya prezidenti Assad-ın rejimi Suriya xalqına qarşı kimyəvi silahlardan istifadədə davam edir. O bildirib ki, Rusiya kimyəvi silahla bağlı cinayətlərin araşdırlmasında beynəlxalq birliklə əməkdaşlıq etmir.

Səfir deyib: “Suriya artıq çoxdan bəridir ki, beynəlxalq hüquqa hörmət etmir və Rusiya bu işdə onu dəstəkləyir”.

Səfir qeyd edib ki, Britaniya Suriya münaqişəsinin çözümünə dair BMT-nin egidası altında aparılan danışıqları dəstəkləyir, lakin Rusiyanın təşəbbüsü ilə aparılan Astana prosesini dəstəkləmir.

Bunun ardınca BMT Təhlükəslzik Şurasının 15 üzvü olan ölkələrin səfirləri çıxış ediblər.

Boliviyanın BMT-dəki nümayəndəsi Sacha Sergio Llorenty Soliz ABŞ və başqa Qərb ölkələrinin adlarını çəkməsə də deyib ki, onlar demokratiyanı yaymaq adı altında çevriliş və hərbi müdaxilələrə əl atırlar.

Səfir bildirib ki, BMT TŞ-nin bugünkü təcili iclasının əsas səbəbi unudulmamalıdır. Bu iclas ona görə çağırılıb ki, BMT TŞ-nin bir üzvü bu qurumun başqa üzvünə hərbi güc işlədəcəyi ilə hədə gəlib. O sonda deyib ki, Boloviya böhranın həlli üçün gücdən istifadəyə qarşı çıxır.

Bundan əvvəl, aprelin 7-də ABŞ prezidenti Donald Trump Suriyanın Duma şəhərində hökumətin kimyəvi silahdan istifadə etməsinə cavab olaraq Suriya rejiminə raket zərbələri endirəcəyi ilə hədələmişdi.

Bununla əlaqədar Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzya ABŞ-ı hərbi gücə əl atmamağa çağırmış və bunun sonu bəlli olmayan nəticələr yaradacağını bildirmişdi.

Bunun ardınca Rusiya aprelin 13-də Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

Bu iclasın yekunu olaraq qərar qəbul ediləcəyi gözlənilir.