ABŞ Türkiyəni S-400 raketlərinə görə sanksiya ilə hədələyib

ABŞ-ın yeni dövlət katibi Mike Pompeo türkiyəli həmkarına Ankaranın Rusiyadan yer-göy raket sistemini almaq planları ilə bağlı xəbərdarlıq edib.

NATO xarici işlər nazirlərinin aprelin 27-də keçirilmiş yığıncağının kuluarlarında Pompeo Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğluya deyib ki, S-400 sistemi, onun radar və raket batareyaları Ankaranın NATO müttəfiqlərinin sistemlərinə inteqrasiya oluna bilməyəcək.

Pompeo-nun sözçüsü deyib ki, dövlət katibi ABŞ-ın narahatlıqlarının ciddiliyini Türkiyə rəsmilərinə çatdırıb:

“O Çavuşoğluya NATO-nun istifadə etdiyi sistemləri nəzərə almağa çağırıb”.

Dövlət Departamentinin rəsmisi deyib ki, Pompeo türkiyəli həmkarına Ankara S-400 sistemlərini alarsa, sanksiya ilə üzləşə biləcəyini xatırladıb.

Türkiyənin müdafiə rəsmiləri bildiriblər ki, Ankara və Moskva Türkiyənin Rusiyadan S-400 raket sistemlərini alacağına dair saziş imzalayıblar.

Türkiyənin Müdafiə Sənayesi departamenti dekabrda bildirmişdi ki, S-400 havadan müdafiə sisteminin ilk dəsti Türkiyəyə 2020-ci ilin birinci rübündə gətiriləcək.

2, 5 milyard dollarlıq bu saziş Qərbdə böyük narahatlığa səbəb olub, çünki Türkiyə NATO üzvüdür və onun silah və avadanlıqlarının alyansın sistemlərinə uyğunluğu zəruridir.

Bir sıra Qərb təhlilçilərinin fikrincə Erdoğan Rusiyadan raket sistemləri almaqla Vaşinqtona siyasi təzyiq göstərməyə çalışır.