Alim Çapay Sultanov vəfat edib

Geologiya-mineralogiya elmlər doktoru, Dövlət Mükafatı laureatı, Beynəlxalq Şahmat Federasiyasının üzvü Çapay Sultanov aprelin 4-də vəfat edib.

Çapay Sultanovun elmi tədqiqat sahəsi neft-mədən geologiyası, xüsusilə də geoloji və texnoloji faktorların təsirini nəzərə almaqla layların neftverməsini qiymətləndirmək və proqnozlaşdırmaq məqsədilə ilə statistik üsulların tətbiqi olub.

O, 150 elmi işin, o cümlədən 3 monoqrafiyanın, 1 ixtiranın və 4 səmərələşdirici təklifin müəllifidir.

Ç.Sultanov 16 il respublika Şahmat Federasiyasına başçılıq edib. Bu müddətdə bölgələrdə 42 şahmat məktəbini ərsəyə gətirən Çapay müəllim dünyada ilk dəfə şahmatın kompüterlə tədrisini yaradıb. Bu hadisəyə görə FİDE-nin prezidenti F.Kampomanes 1987-ci ildə “Sovetskiy Sport” qəzetinə müsahibəsində Sultanovun kompüter proqramından dərin təəssüratla ayrıldığını bildirmişdi. İndi də şahmat dünyası Sultanovun yaratdığı kompüter sistemindən istifadə edir.

Son 20 ildə onun onlarla kitabı çap olunub.

Professorun “İmperiyanın sonuncu zərbəsi”, “XXI əsrin neft-qaz strategiyası və siyasəti”, “Neft”, “Bakı nefti olmasaydı, müttəfiqlər qalib gələ bilərdimi?”, “Təxirə salınan uçuş. İkinci cəhd”, “Azərbaycanın böyük nefti”, “İblis damğalı” və başqa əsərləri xaricdə xüsusi rəğbətlə qarşılanmışdı.

Çapay Sultanov 1936-cı ildə Bakı şəhərində doğulub. 1960-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geoloji-coğrafiya fakültəsini bitirib, 1960-1989-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda işləyib və kiçik elmi işçi vəzifəsindən neft-mədən geologiyası şöbəsinin rəhbəri vəzifəsinə qədər çalışıb.

1982-ci ildə Ç.Sultanov bir qrup alimlə birlikdə “Ehtiyatların qiymətləndirilməsinin elmi metodlar kompleksinin işlənməsi və istehsalata tətbiqi və Azərbaycanın dənizdəki qazkondensat yataqlarının işlənməsinin layihələşdirilməsi” işinə görə Azərbaycan SSR Dövlət mükafatı laureatı adına layiq görülüb.