Azərbaycan Fransaya nota verəcək

ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Fransaya Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Aşot Qulyan adlı şəxsin Fransa səfərinə kəskin etiraz edirik.

Bunu Azərbaycan Xarici İşlər Nazriliyi mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında bildirib.

Azərbaycan XİN təmsilçisi Qarabağ münaqişəsinin tənzimlənməsində Fransanın ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olmasını xüsusi vurğulayır.

H.Hacıyev bildirir ki, bu səfər Ermənistan və Avropa İttifaqı arasında vizaların sadələşdirilməsi və readmissiya haqqında sazişin tələblərinin pozulmasına baxmayaraq, Fransa bu səfərin qarşısını almayıb.

“Belə səfərlərin sistematik hal alması və Fransa ərazisinin qondarma rejimin təbliğat məntəqəsinə çevrilməsi həmsədr ölkə kimi Fransanın qərəzsizliyi barədə ciddi suallar doğurur və etibarını şübhə altına alır”, deyə XİN təmsilçisi bildirir.

XİN sözçüsü BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Fransanı beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməyə, Azərbaycanın ərazi bütövlüyünə qarşı olan belə əməllərin qarşısını almağa çağırır.

H.Hacıyev Azərbaycanın Fransa səfirliyi tərəfindən Fransa Xarici İşlər Nazirliyinə bu məsələ ilə əlaqədar nota təqdim ediləcəyini bildirir.

Xatırladaq ki, Qarabağ münaqişəsi 1988-ci ildən başlayıb. 1994-cü ildə atəşkəs razılığına kimi Dağlıq Qarabağ və bölgəyə bitişik 7 rayon və daha bir neçə kənd işğal edilib. Münaqişənin tənzimlənməsi ATƏT-in Minsk qrupuna həvalə edilib. ABŞ, Fransa və Rusiya həmsədr dövlətlərdir.