Bakıda 1 prospekt, 2 küçədə hərəkət məhdudlaşdırılacaq

Bakıda avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə 1 prospektdə və 2 küçədə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat verib.

Bildirilir ki, paytaxtın Nərimanov rayonunun Həsənoğlu və Fətəli xan Xoyski küçələrində, üfüqi nişanlanma xətlərinin rənglənməsi ilə əlaqədar olaraq bu gün adı çəkilən ünvanlarda saat 22:00-dan etibarən hərəkət qismən məhdudlaşdırılacaq.

Məhdudiyyətin səhər saatlarına qədər qüvvədə olacağı qeyd edilir.

Aprelin 20-də gecə saatlarından isə Heydər Əliyev prospektinin “Sabunçu yol qovşağı”ndan “Böyük Şor yol qovşağı”na qədər (mərkəz istiqaməti) olan hissəsində hərəkət qısa müddətlik qismən məhdudlaşdırılacaq.

Sürücülərdən qeyd olunan tarixlərdə alternativ yollardan istifadə etmələrinə üstünlük vermələri tövsiyə olunur və sözügedən ünvanlarda hərəkətdə olarkən diqqətli olmaları, ərazidə yerləşdiriləcək müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.