Bir gündə 7 vəkil cəzalandırılıb

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin aprelin 23-də keçirilmiş iclasında 7 vəkil cəzalandırılıb.

Bu haqda Vəkillər Kollegiyasının aprelin 24-də yaydığı məlumatında bildirilir.

Rəyasət Heyətinin iclasında vəkillərin intizam məsələsinin diqqət mərkəzində olduğu açıqlanıb. Kollegiyanın məlumatına görə, vəkillər barəsində başlanılmış 29 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Yekunda dörd vəkilin fəaliyyətinin müəyyən müddətə dayandırılmasına, iki vəkilin isə Vəkillər Kollegiyası üzvlüyünə xitam verilməsi ilə bağlı məhkəməyə müraciət edilməsinə qərar verilib. Bir vəkilə isə irad bildirilib. Məlumatda ad açıqlanmır.

Həmin qərarlar vəkilliklə bağlı qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozuntusu ilə əsaslandırılıb.

Toplantıda həmçinin, 17 nəfərin vəkilliyə qəbul edildiyi bildirilir.

Kollegiyanın məlumatında vurğulanır ki, toplantıda təşkilati məsələlərə də baxılıb. Bir sıra vəkillərin iş yerinin dəyişdirilməsi, fərdi vəkilliyə buraxılmaları ilə bağlı qərarlar da qəbul olunub.

Rəyasət Heyəti həmçinin, vəkillərin peşə bayramı gününün müəyyən edilməsi ilə əlaqədar komissiya yaradılmasına qərar verib. Həmin komissiya ən qısa müddət ərzində Rəyasət Heyətinə uyğun arayış təqdim etməlidir.

Toplantıda vəkil qurumları və fərdi vəkillərin istifadə etdikləri hüquqi yardım haqqında müqavilənin yeni forması da təsdiqlənib.