Freedom House: Medianın müstəqilliyi bütün dünyada təhlükədədir

“Mətbuat azadlığı böyük demokratik ölkələrdə, eləcə də repressiv dövlətlərdə yeni təhdidlərlə üzləşir.

Bu ölkələrdə hakimiyyət böyük çap və yayım orqanlarının müstəqilliyini azaldandan sonra səylərini sosial mediaya və digər onlayn platformalara yönəldir”.

3 may – Ümumdünya Mətbuat Azadlığı Günü ərəfəsində “Freedom House” insan haqlarını müdafiə təşkilatı ən son “Dünyada Azadlıq”, “İnternetdə azadlıq”, “Keçid ölkələri” hesabatlarındakı informasiyaları təhlil edib. Təhlil üzə çıxarıb ki, dünyanın hər bir regionunda media müstəqilliyi təhlükədədir, ancaq yenə də özünü işinə həsr edən jurnalistlər ən aqressiv mühitlərdə belə vacib rol oynamaqdadır.

ƏFQAN MUXTARLININ OĞURLANMASI

Qurum Rusiya hökumətinin internetə nəzarəti gücləndirdiyini, senzuradan yan keçməkdə istifadə olunan VPN-ləri yasaqlayan qanunvericilik qəbul etdiyini vurğulayır. Hökumətin yeni qəbul etdiyi strategiyada isə 2030-cu ilədək informasiya infrastrukturunun bütövlükdə dövlət nəzarətinə alınması nəzərdə tutulur. Bir araşdırmaçı jurnalist isə “ekstremist” hərəkətlərə, hakimiyyəti devirməyə “çalışmasına” görə 3,5 illik həbsə məhkum edilib.

Gürcüstanın media mühiti də təlatümlərdən əskik deyil. Hazırda müxalifyönlü Rustavi 2 televiziyasına sahibliklə bağlı mübahisə gedir və telestansiyada maliyyə çətinlikləri yaranıb. Gürcüstanın ictimai televiziyası daha çox hökumətpərəst redaktə siyasəti aparır. Azərbaycanlı jurnalistin Gürcüstan təhlükəsizlik xidmətlərinin köməyilə açıq-aşkar oğurlanması da hesabata salınıb.

Söhbət jurnalist Əfqan Muxtarlıdan gedir. Hakimiyyət onu qaçaqmalçılıq, sərhədi qanunsuz keçmə, hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə təqsirli bilərək 6 illik həbsə məhkum edib. Jurnalist isə prezident İlham Əliyevin ailə biznesiylə bağlı araşdırmalarına görə cəzalandırıldığını deyir.

“Freedom House” Qırğızıstan, Macarıstan, Türkiyə, Serbiya və bir sıra digər ölkələrdə mətbuat işinə yaradılan əngəllərdən söz açır. Qurum növbəti bir ildə media azadlığı sahəsində ciddi dəyişikliklərin baş verə biləcəyini deyir, bu baxımdan izləniləsi ölkələri də sadalayır: Kuba, İran, Meksika, Polşa, İspaniya, Tunis, Özbəkistan, Zambiya.