“Heykəl məhbusu”nun yanına kitab buraxmırlar

NİDA Vətəndaş Hərəkatını üzvü, “heykəl məhbusu” kimi tanına Qiyas İbrahimova aparılan kitablar geri qaytarılır.

Abzas.net xəbər verir ki, bu barədə hərəkat bir neçə gün öncə məlumat yayıb.

Bildirilib ki, hər dəfə müxtəlif bəhanlərlər kitabları ona verməkdən imtina edirlər.

Qiyas İbrahimovun anası Şura Əmiraslanova da faktı təsdqləyib. Ş.Əmiraslanovanın sözlərinə görə, artıq bir aydı davam edən bu problemə heç kim aydınlıq gətirmir, səbəb göstərmir:

“Təxminən bir ay bundan öncə Qiyasa kitab apardım. Kitabları ora qoyub gəldim. Bilirəm ki, rəisin müavini yoxlayır, sonra verirlər. Növbəti dəfə Qiyasa sovqat aparanda kitabları mənə qaytardılar. Səbəbini soruşdum, dedilər ki, icazə yoxdur”.

Ş.Əmiraslanova bildirib ki, Qiyas bunun səbəbini bilir, və növbəti dəfə yenidən kitab gətirməyini xahiş edib, lakin bu dəfə də kitabları qəbul etməkdən imtina ediblər.

“Deyirlər ki, həbsxanada kitablar var. Bildirdim ki, bunlar orda yoxdur. Yenə də heç bir əsas, səbəb göstərmədən götürmədilər”.

Xatırlatma

NİDA Vətəndaş Hərəkatının üzvləri Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da Heydər Əliyevin abidəsinin üzərində “Qul bayramınız mübarək” yazdıqdan sonra həbs olunublar. Ancaq onlar qanunsuz narkotik maddə dövriyyəsində ittiham olunaraq 10 il azadlıqdan məhrum ediliblər.

Daha sonra, Q.İbrahimov və atası Həsən İbrahimov haqqında yeni cinayət işi başlanıb. Onlar Cinayət Məcəlləsinin 289-cu (məhkəməyə hörmətsizlik) maddəsi ilə ittiham olunublar. Cinayət işi Bakı Apelyasiya Məhkəməsində Q.İbrahimovun işinə baxmış hakim V.Məmmədovun şikayəti əsasında başlanıb. Məhkəmədə hakim Q.İbrahimovun sözünü kəsəndə, atası əsəbiləşərək “balalarınızdan görəsiz…” deyib.

Bu, hakimə hörmətsizlik kimi qəbul edilib. Bu ittihamla Q.İbrahimovun cəzası daha üç ay artırılıb, atası isə aylıq qazancından 20 faiz tutulmaqla, 1 il 6 ay islah işlərinə məhkum edilib.

“Amnesty International” təşkilatı Qiyas İbrahimov və Bayram Məmmədovu vicdan məhbusu elan edib. Təşkilat hesab edir ki, gənclərə qarşı narkotik ittihamı saxtalaşdırılıb.