İntiqam Əliyev ”MEYDAN” adlı roman yazıb [kitabın linki]

0

Hüquqşünas İntiqam Əliyev həbsdən çıxdıqdan sonra yazmağa başladığı “Meydan” romanı üzərində işi başa çatdırıb.

Nərgiz Yaqublunun xatirəsinə ithaf olunan əsər avtoritar idarəçilik şəraitində cəmiyyətdə, ailədə, insanlarda baş verən deqradasiya prosesləri barədədir. Azadlıqların sıxıldığı ölkədə dözümsüzlük, fobiya, meylləri güclənir, insanların dövlətə, qanunlara, dəyərlərə inam və etimadı azalır. Özbaşınalıq şəraitində hər kəs potensial qurbandır.

Əsərin əsas qəhrəmanı Sara hüquq fakültəsinin tələbəsidir. Atası Mehman Səfərli Ağır Cinayətlər Məhkəməsinin hakimidir. Dörd nəfərlik mehriban ailə düzənli həyat sürür. Həssas mövzularda müxtəlif ictimai debatlara qatıldıqan sonra Saranın baxışlarında köklü dəyişiklik baş verir. Bu müzakirələr ona cəmiyyətdə oturuşmuş bir çox vərdişin, adət və ənənələrin, o cümlədən ailə münasibətlərində milli-mənəvi dəyərlər kimi təqdim olunan buxovların toplumun inkişafına necə əngələ çevrildiyini görməyə imkan verir. Və Sara öz çevrəsində onlara qarşı çıxmağa başlayır.

Bu arada onun dindar tələbə yoldaşı Fərəcin atası Bəşir Çərkəzli hicab qadağası əleyhinə dinc toplantıda iştirakına görə həbs olunur və yeddi il müddətinə azadlıqdan məhrum edilir. Həmin işdəki hakimlərdən birinin öz atası olduğunu biləndə Sara sarsılır. Buna qədər o, çox sevdiyi atasını həm də ədalətli hakim bilir və onunla fəxr edirdi.

Sara qanunsuz hökmə etiraz və saxta ittihamlarla həbsə atılan dindarlara dəstək olaraq hicab taxmağa başlayır və onların müdafiəsi ilə bağlı proseslərə qatılır. Dinc toplantıda iştirak edən dindarları ağır cəzaya məhkum edən atası ilə açıq söhbətdə onu belə ədalətsiz qərar verməyə sövq edən səbəbləri aydınlaşdırmağa çalışır. Eşitdiklərindən dəhşətə gələn Sara emosional gərginlik halında atasının üzünə sərt ittihamlar səsləndirir. Bu söhbətdən sonra hakim dəhşətli sarsıntı keçirir və vəzifəsindən istefa vermək qərarına gəlir…

“Meydan”-ı  linkə daxil olmaqla oxuya bilərsiniz.

Kitabın üz qapağı . Fotoqraf:: Gündüz Ağayev