MİDA mənzillərin satışına başlayır

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal yaşayış kompleksində sosial mənzillərin satışına başlayır.

Birinci mərhələdə 260 hazır, tam təmirli, mətbəx mebeli və isitmə sistemi olan 1-3 otaqlı mənzillər satışa çıxarılıb.

Bu barədə MİDA-nın saytı məlumat verir.

Məlumatda vurğulanır ki, yalnız «Güzəştli mənzil» sistemində elektron kabinetə sahib olan vətəndaşlar mənzil almaq hüququna malikdir.

Vətəndaşlar mənzilləri bir neçə ödəniş üsulu vasitəsilə əldə edə bilərlər. Bunlardan birincisi İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 30 ilədək uzunmüddətli, illik 4 faizlə güzəştli kredit vasitəsilə almaqdır. Eyni zamanda, öz vəsaitləri və başqa kredit təşkilatlarının hesabına da oradan mənzil ala bilərlər.

Güzəştli ipoteka krediti vasitəsilə alındıqda minimal ilkin ödəniş məbləği mənzilin satış qiymətinin 10 faizini təşkil etməlidir.

Mənzillərin 1 kv.m-nin alıcılara 940-950 manata başa gələcəyi bildirilir.

MİDA-nın məlumatına görə, ilk mərhələdə «NN Group» şirkətinin inşa etdiyi 4 bina satılır.