MSK yekun protokolu Konstitusiya Məhkəməsinə göndərib

Bu gün, aprelin 15-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Seçki Məcəlləsinin tələblərinə əsasən prezident seçkiləri ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokol tərtib edilib.

Protokolu MSK üzvləri imzalayıb.

MSK səsvermənin ümumi yekunlarına dair protokolun Konstitusiya Məhkəməsinə təqdim olunması barədə də qərar qəbul edib.

MSK sədri Məzahir Pənahov deyib ki, onlar seçkinin nəticələrinə ciddi təsir edən pozuntular aşkarlamayıb, seçkinin ilkin nəticələrinə əsasən müəyyənləşən lider namizədin statusunu dəyişdirəcək qərarlar verilməyib.

Beləliklə, MSK-nın yekun protokoluna əsasən İlham Əliyev 86,02 faiz səslə prezident seçkilərinin qalibi olub.

Zahid Orucun 3,12, Sərdar Cəlaloğlunun 3,03, Qüdrət Həsənquliyevin 3,02,Hafiz Hacıyevin 1,52 , Araz Əlizadənin 1,38, Fərəc Quliyevin 1,17 , Razi Nurullayevin isə 0,74 faiz səs topladığı açıqlanıb.

MSK-nın yekun protokolunda qeyd edilib ki, səsvermədə seçicilərin 74,30 faizi iştirak edib. 12 403 səs etibarsız sayılıb.

4 məntəqədə nəticələr ləğv edilib

Aprelin 11-də keçirilən prezident seçkilərində bir neçə seçki məntəqəsinin nəticələrinin ləğv edildiyi açıqlanıb.

Bunu isə MSK sədrinin müavini Natiq Məmmədov deyib.

O bildirib ki, 57 saylı Kürdəmir seçki dairəsinin 2 saylı məntəqəsi, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsinin 26 saylı seçki məntəqəsi, 73 saylı Lənkəran şəhər seçki dairəsinin 10 saylı məntəqəsi və 74 saylı Lənkəran kənd seçki dairəsinin 12 saylı məntəqəsinin nəticələri ləğv olunub. Onun sözlərinə görə, bu məntəqələrdə pozuntu halları aşkarlanıb.

Konstitusiya Məhkəməsi isə öz növbəsində prezidenti seçkilərinin yekunlarını səsvermə günündən sonra 14 gün ərzində rəsmən təsdiq etməlidir.

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilib.

Müsavat Partiyası və Milli Şura növbədənkənar prezident seçkisini boykot ediblər. Onlar seçkinin nəticəsini tanımadıqlarını açıqlayıblar.