Mübariz Qurbanlı: “Dini icmaların üzvlərinin ölkəmizdə sıxışdırılması ilə bağlı iddialar reallığı əks etdirmir”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədri Mübariz Qurbanlı Beynəlxalq Dini Azadlıq üzrə ABŞ Komissiyasının hesabatına münasibət bildirib.

“Azərtac”-a verdiyi müsahibəsində Mübariz Qurbanlı sənəddə 2009-cu ildən qeydiyyat üçün müraciət etmiş bir çox icmanın hələ də Komitə tərəfindən ərizələrə baxılacağını gözləməsi barədə iddianın əsassız olduğunu deyib:

“Yalnız bu faktı qeyd etmək kifayətdir ki, 2009-cu ildən bugünədək 808 dini qurum qeydiyyatdan keçib. Onlardan konfessional baxımdan 777-si İslam, 31-i isə qeyri-İslam (xristian – 20; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür. Təkcə 2018-ci ildə 13 İslam və 3 qeyri-İslam dini icması dövlət qeydiyyatına alınıb. Azərbaycanda 2250 məscid mövcuddur, onlardan 136-sı Bakı şəhərində yerləşir. Ölkə ərazisində 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Ümumiyyətlə, dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etmiş dini qurumların sənədlərinə qanunvericiliklə müəyyən olunmuş müddət ərzində baxılır və sənədlər yalnız qanunvericiliyə uyğun qaydada hazırlanmadığı təqdirdə qeydiyyatdan imtina edilir. 2009-cu ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində dövlət qeydiyyatına alınması ilə bağlı heç bir sənəd və ya müraciət, o cümlədən heç bir dini qurumun müraciəti cavabsız qalmayıb”.

Komitə sədri bildirib ki, Beynəlxalq Dini Azadlıq üzrə ABŞ Komissiyası məsələri araşdırmadan, heç bir fakta əsaslanmadan illərlə əsassız iddianı ortaya atır:

“2009-cu ildən 9 protestant təmayüllü dini icma dövlət qeydiyyatına alınıb. Yenidən dövlət qeydiyyatına alınmış dini qurumlardan birisi baptist, ikisi adventist, üçü isə əllinciliyin bir istiqaməti sayılan xarizmat dini icmasıdır. “Yehovanın Şahidləri” dini icmasına gəlincə, 2002-ci ildə qeydiyyata alınan bu icmanın qeydiyyatı hüquqi qüvvəsini saxlayır və onun fəaliyyəti legitim xarakter daşıyır. Eyni zamanda, “Yehovanın Şahidləri” dini icması mütəmadi olaraq DQİDK-ya dini ədəbiyyatların idxalı ilə bağlı rəsmi müraciət edir. O zaman belə bir sual yaranır: rəsmi statusu olmayan dini icma möhürü ilə təsdiqlədiyi məktubları hansı hüquqi əsaslarla Dövlət Komitəsinə göndərir? Müqayisə üçün deyim ki, təkcə 2017-ci il ərzində 601 adda (765 151 ədəd) dini təyinatlı ədəbiyyatın nəşri məqsədəuyğun hesab edilib. Bunlardan 359 adda dini ədəbiyyat məhz “Yehovanın Şahidləri” dini icmasına məxsusdur. Göründüyü kimi, “Yehovanın Şahidləri” dini icmasının bu gün ölkəyə idxal etdiyi kitabların sayı müsəlman dini icmalarının kitablarının sayından dəfələrlə çoxdur. Bu fakt isə bir daha onu göstərir ki, bu dini icmanın üzvlərinin ölkəmizdə sıxışdırılması ilə bağlı iddialar reallığı əks etdirmir”.

O deyib ki, Azərbaycanda heç kim əqidəsinə və etiqadına görə sıxışdırılmır. Əgər qanuna görə məsuliyyətə cəlb olunan, yaxud barəsində inzibati tədbir görülmüş şəxslər arasında hər hansı dini cərəyanın mənsubu varsa, bu, onların əqidəsindən deyil, qanunazidd əməllərindən qaynaqlanır. Dolayısı ilə dövlət üçün vətəndaşın hansı əqidədə olması əsas deyil, qanunlara riayət edib-etməməsi məsələsi əhəmiyyət daşıyır:

“Təəssüf ki, hesabatda “dini etiqadına görə” həbs olunmuş şəxslərlə bağlı statistika verilərkən, hansı faktlara və məlumatlara istinad edildiyi göstərilməyib, yalnız mücərrəd şəkildə ümumi rəqəm səsləndirilib. Digər tərəfdən, cinayət törətmiş şəxslərin öz əməllərini ört-basdır etmək və həbs olunmalarının səbəbi kimi dini inanc və etiqadlarını bəhanə gətirmələri absurddur.

Ümumiyyətlə, istər dindar, istər qeyri-dindar olsun, vətəndaşlar tərəfindən qanun pozuntusuna yol verilmirsə, onların fəaliyyətinə heç bir maneə və ya təzyiq olunmur. Məsuliyyətə cəlb olunma halları yalnız hüquq pozuntuları aşkar edildikdə baş verir və bunu dini etiqad azadlığının pozulması, eləcə də dini ayrı-seçkiliyə yol verilməsi kimi qiymətləndirmək düzgün deyildir. Təbii ki, hər bir hüquq pozuntusu müvafiq hüquqi məsuliyyətə səbəb olur və qanunu pozan şəxsin cəzalandırılması labüddür. Törədilmiş hüquq pozuntusu faktı isə qanunvericiliklə müəyyən olunmuş qaydada rəsmiləşdirilir. Dünyada dini durumu təhlil etmək yükünü üzərinə götürmüş Beynəlxalq Dini Azadlıq üzrə ABŞ Komissiyası builki hesabatında da adi tarixi faktları saxtalaşdırıb, məsələni araşdırmadan, heç bir fakta söykənmədən tamamilə qərəzli mövqe sərgiləyib. Sözügedən Komissiya illərdir bu əsassız iddiaları ortaya atır, yoxlanılmamış məlumatları hər il təkrarlamaqda davam edir və biz illərlə bu iddianın əsassız olduğuna dair faktlar gətirməyə məcbur qalırıq”- komitə sədri vurğulayıb.

M.Qurbanlı hazırlanan hesabatların daha obyektiv və əsaslı tərtib edilməsi üçün Beynəlxalq Dini Azadlıq üzrə ABŞ Komissiyasını və digər müvafiq qurumları əməkdaşlığa dəvət edib.

ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası aprelin 26-da 2018-ci il üçün növbəti illik hesabatını açıqlayıb.

Sənədin Azərbaycanla bağlı hissəsində deyilir ki, rəsmi Bakı 2017-ci ildə də dini azadlıqlara münasibətdə sərt mövqeyini dəyişməyib.

Hökumət dini fəaliyyətlərə müvafiq qanunlar və Cinayət Məcəlləsinin köməyi ilə tam nəzarət edir.

Sənəddə qeyd olunur ki, dövlətin diqtə etdiyi qaydalara uyğun gəlməyən müsəlman liderlər saxlanır, cərimələnir və onların məscidləri dağıdılır.

Hesabatda Müsəlman Birliyi Hərəkatı üzvlərinin 12 nəfərinin müxtəlif ittihamlarla 12 ildən 17 ilədək azadlıqdan məhrum edildiyi xatırladılasa da, bu təşkilatın dini icma, yoxsa siyasi təşkilat olduğunun bəlli olmaması göstərilir.

Eyni zamanda, 2017-ci ilin yanvarında eyni qrupdan daha 18 nəfərin uzunmüddətli həbsxana cəzalarına məhkum edilməsi xatırlanıb.