Razi Nurullayev: “ATƏT DTİHB-in müşahidə missiyası mənə qarşı təxribat hazırlayıb”

“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası prezident seçkilərində təxribat hazırlayır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası seçki məntəqələrinə yerli müşahidəçi qismində Əli Kərimliyə yaxın olan çoxlu sayda adam yerləşdirib”.

Bunu APA-ya açıqlamasında “Cəbhəçilərin Təşəbbüs Qrupu”ndan prezidentliyə namizədliyi irəli sürülmüş Razi Nurullayev deyib.

R. Nurullayev deyib ki, bunu etməkdə məqsəd səsvermə günü məntəqələrdə guya kütləvi pozuntuların olduğu, səsvermənin nəticələrinin saxtalaşdırıldığı və digər namizədlərə verilən səslərin Razi Nurullayevə yazıldığı barədə rəy formalaşdırmaqdır.

Prezidentliyə namizəd bildirib ki, ATƏT DTİHB müşahidə apardığı bəzi ölkələrdə keçirilən seçkilərin nəticələri barədə, bir qayda olaraq, qərəzli hesabatlar hazırlayır: “Bu zaman həm özünün müşahidə missiyasının üzvlərinin, həm də onun tövsiyəsi əsasında məqsədli şəkildə seçilib məntəqələrə yerləşdirilmiş bəzi yerli müşahidəçilərin fikirlərinə istinad edir. Qeyd etmək istəyirəm ki, yerli müşahidəçilər daha çox məni özünün bir nömrəli düşməni sayan Əli Kərimlinin adamlarından formalaşdırılıb. Bütün bunlar namizəd kimi yalnız mənə qarşı deyil, bütövlükdə Azərbaycanda keçirilən prezident seçkilərinə qarşı təxribatdır. Bəri başdan bəyan edirəm ki, biz qərəzli hesabatı qəbul etməyəcək, onu hazırlayanların ifşası yönündə  iş aparacağıq”.