Rusiyada daha bir ticarət mərkəzində yanğın olub: ölən və yaralananlar var

Moskvada daha bir ticarət mərkəzində yanğın baş verib.

Abzas.net TASS-a istinadən xəbər verir ki, yanğın uşaq malları satılan “Persei” ticarət mərkəzində baş verib.

Məlumata görə, hadisə nəticəsində bir nəfər həlak olub. Daha 3 nəfərin xəsarət aldığı bildirilir. Yanğın zamanı 100-dən çox adam evakuasiya edilib.

Yanğının üst mərtəbələrin birinin anbarında başladığı bildirilir. Yanğınsöndürənlər dördmərtəbəli, sahəsi 6 min kvadrat metr olan binada kimsənin qalıb-qalmadığını hələ də araşdırırlar.

Mart ayında Sibirin Kemerovo şəhərində ticarət mərkəzində yanğın baş vermişdi. Həmin yanğın nəticəsində 64 nəfər həlak olmuşdu, onlardan 41-i uşaq idi.