Rusiyanın Kemerovo vilayətinin qubernatoru istefa verib

Ticarət mərkəzində çoxsaylı insanın ölümü ilə nəticələnən yanğının baş verdiyi Rusiyanın Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev öz istəyi ilə istefaya gedib.

RİA “Novosti” xəbər verir ki, bu barədə regional administrasiyanın yaydığı məlumatında deyilir.

“Kemerovo vilayətinin qubernatoru Aman Tuleyev öz istəyi ilə vəzifəsindən istefa vermək haqqında ərizə ilə Rusiya prezidenti Vladimir Putinə müraciət edib”, — deyə məlumatda bildirilib.

Martın 25-də “Qış albalısı” ticarət mərkəzində baş verən yanğın nəticəsində 41-i uşaq olmaqla, 64 nəfər həyatını itirib.