Türkiyə, Rusiya və İran prezidentləri Ankarada bir araya gəliblər

Ankarada Türkiyə Prezidenti Recep Tayyip Erdoğan, Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Hassan Rouhani arasında Suriyadakı vəziyyətə dair üçtərəfli görüş başlayıb.

Toplantıda Suriyanın Şərqi Guta və İdlibdəki humanitar böhran, eyni zamanda bu ölkədə vəziyyətin normallaşması və yol xəritəsi müzakirə olunur.

Bundan başqa, Recep Tayyip Erdoğan Türkiyə Silahlı Qüvvələrinin Tel-Rıfat və Membicdə hərbi əməliyyat keçirməyə hazırlaşması barədə Vladimir Putin və Hassan Rouhani-ni məlumatlandıracaq.

Görüş başa çatdıqdan sonra tərəflər mətbuata bəyanatlarla çıxış edəcəklər.

Suriyadakı vəziyyətin müzakirəsinə dair üçtərəfli formatın əsası Astanada qoyulub. Prezidentlərin üçtərəfli görüşü isə ilk dəfə Soçidə olub.