Yerevan mərkəzində səhər etirazları başlayıb

Yerevanda səhər tezdən başlayan aksiyalarda etirazçılar bəzi dövlət binalarının qarşısına, o cümlədən Ermənistan Xarici İşlər Nazirliyi və Təhsil və Elm nazirlikləri yerləşən binanın önünə toplaşıblar.

Onlar dövlət idarə və müəssisələrinin işini təcrid etmək istəyirlər, BBC Azərbaycancanın Yerevan müxbiri Aleksey Manvelyan deyir.

Onun sözlərinə görə, Yerevanda gecə 10 minlərlə insanın iştirakı ilə keçirilən mitinqdə elan olunub ki, bu səhər Serj Sarkisyanın baş nazir vəzifəsində ilk hökumət iclasının işi əngəllənsin.

“Saat səhər 8-dən etirazçılar Respublika meydanında hökumət binası önünə toplaşır. Daha əvvəl bura böyük sayda xüsusi təyinatlı polis dəstələri gətirilib”, BBC Azərbaycancanın müxbiri xəbər verir.

Aleksey Manvelyan deyir ki, maskalı polis əməkdaşları qol-qola girib yerə oturmuş tələbələri bir-birindən qoparıb maşınlara doldururlar.

Keçmiş prezident Serj Sarkisyanın baş nazirliyinə etiraz edən millət vəkili Nikol Paşinyan tərəfdarlarını idarələrin girişlərini bağlmağa, işçiləri “məxməri inqilaba” qoşulmağa çağırıb, müxbirimiz deyir.

Serj Sarkisyanın baş nazir təyinatından sonra paytaxt Yerevanı etirazlar bürüyüb.

Paytaxt polisi “inzibati xətalar törətməkdə” təqsirli bilinən onlarla gənci həbs edib.

ABŞ Dövlət Departamenti bəyanat yayaraq hökumət orqanlarını, həm də etirazçıları maneə törətməməyə və hər hansı bir təxribatdan və ya zorakı hərəkətdən çəkinməyə çağırır.

Əvvəlki məqaləAvropa Məhkəməsi üç işlə bağlı qərar verdi
Növbəti məqalədəRusiyanın Baş Qərargah rəisi və NATO qüvvələrinin baş komandanı Bakıda görüşəcəklər