Yulia Skripal xəstəxanadan buraxılıb

Rusiyalı keçmiş casus Sergei Skripal-ın zəhərlənmiş qızı YuliaSolsberi xəstəxanasından buraxılıb.

Xəbəri BBC yayıb.

BBC 33 yaşlı Yulia-nın aprelin 9-da Solsberi Rayon Xəstəxanasından buraxılaraq təhlükəsiz yerə aparıldığını bildirir.

Milli Səhiyyə xidmətinin sözçüsü “Frans Pres” agentliyinə deyib ki, aprelin 10-da səhər saatlarında mətbuat konfransı planlaşdırılır.

Sky News isə adını çəkmədiyi mənbələrə istinadla xəbər verib ki, o, aprelin 9-da xəstəxanadan buraxılmalıydı, ancaq bunun baş verib-vermədiyini təsdiqlədə bilməyib.

Bir neçə gün öncə Sergei Skripal-ın da “sürətlə yaxşılaşdığı” bildirilirdi.

Sergei və Yulia Skripallar martın 4-də İngiltərənin Solsberi şəhərində Novichok adlı sinir qazıyla zəhərləniblər.

Britaniya zəhərlənmədə Rusiyanın əli olmasıyla bağlı ittihamlar səsləndirib. Bundan sonra Qərb ölkələri Britaniyayla həmrəylik göstərərək 150-dən çox rusiyalı diplomatı qovublar. Moskva da buna oxşar addımla cavab verib.

Ancaq Rusiya zəhərlənmə insidentində əli olmadığını bildirib.

İstefada olan Rusiya hərbi kəşfiyyat polkovniki Skripal 2006-cı ildə Moskva hərbi məhkəməsində “vətənə xəyanət”də, sirləri Britaniya kəşfiyyat orqanlarına ötürməkdə təqsirli bilinib. O, 2010-cu ildə Birləşmiş Ştatlardan saxlanmış 10 rusiyalı agentlə dəyişdirilmiş 4 rusiyalı məhkumdan biri idi.