Ağlabatan müddət – Ənnağı Hacıbəyli

0

Ənnağı Hacıbəyli

Bu ifadədən MM-in 40-dan artıq maddəsində istifadə olunur.
Azərbaycan dilinin izahlı lüğətində “ağlabatan” sözü belə izah edilir: ağıl qəbul edə bilən, inanıla bilən, mümkün ola bilən, məqsədəuyğun. Sözlükdə “ağlabatmaz” sözünün “məntiqsiz” izahı da var.
Təbii ki, bu açmalar hüquqçuya demək olar heç nə demir. Ona görə də hüquq anlayışının hüquq əsasında izahı gərəkir.
Öncə onu deyim ki, ağlabatanlığı, o sıradan ağlabatan müddət anlayışının məzmununu birmənalı, tam, dəqiq, bütün hallar üçün keçərli müəyyən etmək mümkünsüzdür. O, çoxsaylı situasıyaları əhatə etdiyinə, universallığına və özəl, eyni zamanda ümumi nizamlama vasitəsi olduğuna görə belə izaha tabe olmur.
Avropa ölkələrinin hüquq ədəbiyyatında göstərilir ki, ağlabatan müddət müəyyən edilərkən aşağıdakılar nəzərə alınmalıdır:
1) pozulmuş öhdəliyin icrası üçün müqavilədə müəyyən edilmiş müddət (icra müddəti nə qədər qısadırsa, ağlabatan müddət də o qədər qısa olmalıdır);
2) borcluya bəlli olan pozuntunun operativ aradan qaldırılmasında kreditorun marağı;
3) pozulmuş öhdəliyin xarakteri (öhdəliyin icrası çətindirsə, ağlabatan müddət də uzun olmalıdır);
4) borclunun öhdəliyini icra etməsinə əngəl törədən maneələr (maneələr mürəkkəbdirsə, ağlabatan müddət də uzun olmalıdır).
Nisbi-müəyyən anlayiş olan “ağlabatan müddətlər”i iki cür qruplaşdırmaq olar:
1) abstrakt ağlabatan müddətlər;
2) nisbi-konkret ağlabatan müddətlər.
Birinci növ ağlabatan müddətlərin ölçüsünün müəyyən edilməsi şəraitdən, öhdəliyin mahiyyətindən, pozuntunun xarakterindən, hüquq münasibətinin məzmunundan, tərəflərin və məhkəmənin yanaşmasından və başqa amillərdən asılıdır. Bu maddələrin ən geniş tətbiqinə alqı-satqı müqaviləsini nizamlayan normalarda rast gəlinir. Çeşid (m. 580), keyfiyyət (582, 587, 639), komplektlik (m. 540, 592) şərtlərinə uyğun gəlməyən malların qaytarılması, əvəz edilməsi, tamamlanması, mallardan imtina və s. müddətləri nəzərdə tutan normalarda ağlabatan müddət kateqoriyasından istifadə olunur. İstər əşya və əmlak hüquqları ilə bağlı normalarda, istərsə də öhdəlik hüququna daxil olan normalarda bu müddətləri konkretləşdirmək, hansısa ay, gün müəyyən etmək çətindir. Çünki yuxarıda göstərildiyi kimi, bu, çoxsaylı amillərdən asılıdır. Bir halda bu müddət günlərdən, başqa hallarda həftələrdən ibarət ola bilər. Hər bir halda o, mümkün qısa müddətləri nəzərdə tutur. Məsələn, köçürmə planı və təlimatının hazırlanması müddəti (m. 249), uzufruktuar üçün təyin edilmiş girov qoyma müddəti (266), sıradan çıxmış girov predmetinin əvəz edilməsi müddəti (m. 287), seçmək hüququ kreditora məxsus olan alternativ öhdəliyin icrası müddəti (m. 434.1), icranı gecikdirmiş kreditora borclunun icranı təklif etməsi müddəti (m. 446.8), borclunun ikitərəfli öhdəlikdə müqavilədən imtina üçün kreditora təyin etdiyi müddət (m. 447.5), borclunun icra etmədiyi öhdəliyi kreditorun 3-cü şəxsə tapşırması müddəti (m. 451) və başqa hallarda ağlabatan müddət fərqli ola bilər və onların “ağlabatan müddət” adlı bir yorğan altına yığılması əksər hallarda yeganə mümkün nizamlama variantıdır.
İkinci növ müddətləri müəyyən edərkən qanunverici abstrakt ağlabatan müddətləri konkretləşdirməyə, onların həddinin müəyyən edilməsi və tətbiqi üçün resept verməyə çalışır.
Ümumiyyətlə, öhdəlik hüququnda ağlabatan müddətlərlə bağlı ən klassik nümunə MM-in 427-ci maddəsidir. “Öhdəliyin icrası müddəti” adlanan bu ana maddədə deyilir:
“Öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.
Öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyilsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.
Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
Ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən 7 gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin.
Öhdəliyin icrası müddəti hər hansı şərtin baş verməsindən asılıdırsa, öhdəlik həmin şərtin baş verdiyi gündən icra edilməlidir.”
Göründüyü kimi, bu maddədə qanun ağlabatan müddəti maksimum dəqiqləşdirməyə çalışır. Təbii ki, mümkün olan dərəcədə. Çünki bu müddətin ölçüsü çeşidli situasıyalarda çeşidli müddət tələb edir, üstəlik, onun ölçüsü MM-dən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən asılı ola bilər.
Ağlabatan müddətin dəqiqləşdirilməsi formasına daha iki maddədə rast gəlmək olar.
MM-in 794.2-ci maddəsində göstərilir ki, “Qeyri-müəyyən müddətə bağlanmış müqaviləni istənilən iştirakçı ləğvetmə haqqında xəbərdarlıq edilməsinin ağlabatan müddətini gözləməklə ləğv edə bilər. Ağlabatan müddət birinci il ərzində azı 1 ay, ikinci il ərzində azı 2 ay və müqavilənin qüvvəsi iki ildən çox davam edirsə, 3 ay təşkil edir. Müddətli müqavilə MM-in 794.1-ci maddəsinə uyğun olaraq müddətsiz müqaviləyə çevrilirsə, ləğvetmə haqqında xəbərdarlıq müddəti hesablanarkən müqavilənin bütün qüvvədə olma müddəti əsas götürülür.”
İkinci hal sığorta müqaviləsi ilə bağlıdır. “Sığorta hadisəsi barədə məlumatlandırma” adlanan 923.1-ci maddədə deyilir: “Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda qanunvericiliyə uyğun olaraq həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. İcbari sığorta qanunvericiliyində və sığorta müqaviləsində sığorta hadisəsi barədə sığortaçıya xəbər vermənin ağlabatan müddəti və (və ya) üsulu nəzərdə tutula bilər.”
Göründüyü kimi, qanun bu halda müddəti “hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddətdə” çərçivələri ilə konkretləşdirməyə çalışır. Bu normalar sığorta müqaviləsinin mahiyyəti, özəlliyi ilə bağlıdır və konkret hal üçün nəzərdə tutulur. Lakin o, yetərincə universal xaraktar daşıyır və ağlabatan müddətin başqa hallarında da bu formadan istifadə edilə bilər. Qanunverici bu formadan yararlanmaqla bir çox hallarda ağlabatan müddətin ölçüsünü konkretləşdirə bilər.
Təsadüfi deyil ki, MM 427.2-ci maddədə də oxşar formadan yararlanır: “Öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyilsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.” Ona görə oxşar deyirəm ki, bu halda konstruksiya sanki baş-ayaq çevrilib – dərhal icra ağlabatan müddətlə “konkretləşdirilib”.
Deyilənləri yekunlaşdıraq.
MM-in praktik və dürüst tətbiqini asanlaşdırmaq üçün qanun yuxarıda göstərilən və başqa formalardan yararlanmaqla ağlabatan müddətin ölçüsünü mümkün qədər konkretləşdirə bilər. Konkretlik yeganə mümkün forma olmasa da, qanunun keyfiyyəti, mübahisələrin azaldılması, hüquqların etibarlı müdafiəsi üçün daha münasib nizamlama vasitəsidir. Məsələn, köçürmə planı və təlimatının hazırlanması müddəti (m. 249), alınan torpağa görə kompensasiyanın ödənilməsi müddətinin (m. 249) və s. ağlabatan müddət kimi müəyyən edilməsi praktikada özbaşınalığa, süründürməçiliyə səbəb olur və çoxlu sayda mülkiyyətçi hüquqlarının pozulmasına şərait yasadır. Belə hallarda konkret müddətlər qoyulmalıdır.