“Arif Alışanovla yanaşı onun yanında olan şəxsləri də güllələməyimi tapşırdılar”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova qarşı dələduzluq etməkdə və onu öldürməyə cəhddə təqsirləndirilən Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Müsabil Namazov ifadə verib.

O bildirib ki, A.Alışanova sui-qəsd olunacağı barədə ilk dəfə Şamaxıda Q.Vəbiyevdən eşidib: “Qoçəli ilə Şücayət nəsə danışırlar. O, müəllimin Şamaxıya gəldiyini söylədi. Dedilər ki, 600 min pul veririk bu məsələni həll edərsiz, sonra silah verdilər. Həmin vaxtlar Arif müəllim Şamaxıya gəldi. Əvvəl müəllim, sonra bir qadın, sonra isə sürücü maşından düşdü. Sui-qəsd baş tutmadı. Səbəb isə mən Qoçəliyə yalandan demişdim ki, bunu planlı şəkildə etməliyik, belə olmaz. Mənə tapşırıq vermişdilər ki, Arif Alışanovla yanaşı onun yanında olan şəxsləri də güllələyim”.

M.Namazov ifadəsində AzTV sədrinə sui-qəsd planı hazırlanması barədə polisə xəbər vermək üçün paytaxta gəldiyini söyləyib: “Məni heç kəs öyrətməyib ki, belə ifadə verim”.

Ş.Əkbərovun suallarını cavablandıran şahid sui-qəsd planı ilə bağlı polisə məlumat verməyi özünə borc bildiyini deyib.

Daha sonra şahid qismində dindirilən dünya çempionu Natıq Bağırov ifadəsində Şamaxıda torpaq sahəsi alıb və kənd təsərrüfatı qurmaq üçün Arif Alışanova 3 milyon pul verdiyini göstərib.

Ş.Əkbərovun vəkili pulun mənbəyini göstərməsini istəyib. Hakim bu sualın çıxarıldığını bildirib.

Daha sonra təqsirləndirilən şəxslər məhkəmə tərkibinə etiraz veriblər.

Təqsirləndirilən Aqşin Hüseynov məhkəməyə məktubla müraciət edərək digər təqsirləndirilən şəxslər tərəfindən şantaj edildiyini, istintaqa verdiyi ifadəsinin dəyişdirilməsinin ondan tələb olunduğunu açıqlayıb.

Məhkəmə mayın 29-da davam edəcək.

Qeyd edək ki, ittiham aktına əsasən, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək olan dövr ərzində Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq daşıyıb-gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. O həmçinin A.Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını da ələ keçirməkdə təqsirli bilinir.

Cinayət materialına əsasən, Ş.Əkbərov həmin pul vəsaitləri və əmlakları geri qaytarmaq məqsədilə yaxın münasibətlərdə olduğu Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovla dələduzluq cinayət əməlini gizlətmək üçün A.Alışanovu öldürmək istəyiblər. Ş.Əkbərov bunun müqabilində dəstə üzvlərinə 600 min manat pul vəd edib.

Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi, A.Hüseynovu və Z.Şirinovu saxlayıb. Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib.

Ş.Əkbərov Cinayət Məcəlləsinin 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 29,120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29,120.2.10-cu (təkrar adam öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə), 228.3-cü (qanunsuz olaraq odlu silah qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Digər şəxslərin barəsində isə 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10, 228.3-cü maddələrlə ittiham irəli sürülüb.