Baş Prokurorluq və DİN AXCP ilə bağlı ittihamlar yayıb

0

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, Gədəbəy rayonunun İcra Hakimiyyəti başçısı olmuş Saleh Rüstəmov, onun qardaşı oğlu Vidadi Rüstəmli, AXCP fəalları Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov, Bakı şəhər sakinləri Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov, Tural Mehdixanov və digərləri “xaricdə Azərbaycan dövlətinə, dövlətçiliyinə və milli maraqlara zidd olaraq keçirilən tədbirlərinin maliyyələşdirilməsi üçün qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş külli miqdarda çirkli pul vəsaitlərinin leqallaşdırılması”nda günahlandırılırlar.

Respublika Prokurorluğu ilə DİN-in yaydığı birgə məlumatda deyilir ki, adıçəkilən şəxslərin bu əməlləri törətmələrinə dair sübutlar toplanıb.

Baş Prokurorluq və DİN Rusiya Federasiyasında yaşayan Saleh Rüstəmovu ittiham edib:

“O, çirkli pul vəsaitlərinin əldə edilməsinin mənbəyini gizlətmək məqsədilə “Sahibkarlıq fəaliyyəti haqqında” qanunun, Vergi Məcəlləsi və digər normativ hüquqi aktların tələblərini pozaraq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan, vergi ödəyicisi kimi uçotda durmadan, həmçinin xüsusi razılıq (lisenziya) olmadan banklar və digər kredit təşkilatlarının müstəsna funksiyalarına aid faktiki bank fəaliyyətini həyata keçirmək məqsədi ilə AXCP-nin fəaliyyətinin maliyyələşdirilməsi üçün Rusiya Federasiyasının ərazisində təbliğat aparıb”.

Məlumatda deyilir ki, Saleh Rüstəmov biznes strukturlarında çalışan və əvvəllər tanıdığı Azərbaycanın ayrı-ayrı vətəndaşlarından hər ay toplayaraq Moskvada kommersiya bankında açdığı hesabına keçirdiyi 30 min ABŞ dollarını 2016-cı ilin martından etibarən Bakıda valyuta əməliyyatlarının qanunsuz köçürülməsi ilə məşğul olan Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov və Tural Mehdixanov vasitəsilə Vidadi Rüstəmliyə çatdırılmasını təmin edib. V.Rüstəmli isə həmin vəsaitləri Aqil Məhərrəmov, Ruslan Nəsirov və Babək Həsənova, onların da AXCP-nin funksionerlərinə ötürüb. “Ümumilikdə 412 min ABŞ dolları AXCP-nin tədbirlərinin maliyyələşdirilməsinə, dəstə üzvlərinin iqtisadi maraqlarının təmin olunmasına və digər maliyyə əməliyyatlarının həyata keçirilməsinə sərf olunub. Beləliklə də, cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərinin leqallışdırılması əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən olunub. Həmin xüsusatlar Saleh Rüstəmov, Vidadi Rüstəmli, Ceyhun Hüseynov və başqalarının ifadələri, digər istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə təsdiq olunub, müvafiq ekspertizanın rəyi ilə qeyd olunan şəxslərin mobil cihazlarında pul vəsaitlərinin qeyri-qanuni dövriyyəsinə dair texniki sübutlar əldə edilib”.

Məlumatda deyilir ki, iş üzrə dindirilmiş Babək Həsənov, Ruslan Nəsirov, Aqil Məhərrəmov qeyd olunan qanunsuz əməlləri etiraf ediblər.

Onlar deyiblər ki, Saleh Rüstəmovun Moskva şəhərindən göndərdiyi pul vəsaitlərini Vidadi Rüstəmlidən qəbul edib Əli Kərimliyə və digər şəxslərə veriblər.

“Onların yaşadıqları ünvanlarda aparılmış axtarışlar zamanı qanunsuz pul dövriyyəsini, çirkli pulların leqallaşdırılmasını təsdiqləyən bank kartları və başqa sənədlər aşkar edilərək maddi sübut kimi götürülüb”-məluçatda deyilir.

Qeyd olunub ki, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov, Eltac Əlisoy Cinayət Məcəlləsinin 192.3.2-ci (xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1-ci və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və sair maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib. İstintaqdan gizləndiyi üçün Eltac Əlisoy barəsində axtarış elan edilib.

Saleh Rüstəmov mayın 8-də saxlanılıb və bir gün sonra Nərimanov rayon Məhkəməsinin qərarı ilə haqqında 4 aylıq həbs qətimkan tədbiri seçililib.

AXCP Rəyasət Heyətinin üzvü Aqil Əli Məhərrəm, Nərimanov rayon təşkilatının şöbə sədri Babək Həsənli və Gənclər Komitəsinin Ali Məclisinin sədri Ruslan Nəsirli mayın 25-də günün ikinci yarısı saxlanılıblar. AXCP Rəyasət Heyətinin üzvü Aqil Əli Məhərrəm, Nərimanov rayon təşkilatının şöbə sədri Babək Həsənli polislər tərəfindən saxlanılıb.