İran mərkəzi bankının rəhbərinə sanksiya tətbiq edildi

0

Birləşmiş Ştatlar dünən – mayın 15-də İran mərkəzi bankının rəhbərinə və bir İraq bankına sanksiyalar elan edib.

Səbəb kimi onların İranın İnqilab Keşikçiləri Qvardiyası üçün “milyonlarla dolları dövr etdirdiyi” bildirilir. Xəbəri “Reuters” agentliyi yayıb.

Qeyd edək ki, Vaşinqton Tehranın ölkə xaricində yaraqlıların fəaliyyətini maliyyələşdirdiyini deyir, bu maliyyəni kəsməyə çalışır.

ABŞ-ın maliyyə naziri Steven Mnuchin Valiollah Seif-i inqilab qvardiyasının xarici qanad olan Qüds Qüvvəsinin adından gizlicə pul köçürməkdə ittiham edib. Bu transferin Al-Bilad İslam Bankı vasitəsiylə, “Hezbollah-ın zorakı və radikal fəaliyyətini zənginləşdirmək və dəstəkləmək məqsədilə” gerçəkləşdirildiyi bildirilir.

BANKIN ƏMƏLİYYATLARINA BİRBAŞA TƏSİRİ OLMAYACAQ

Nazirin sözlərincə, bu sanksiya sayəsində İran vacib bank şəbəkəsindən istifadə edə bilməyəcək. Birləşmiş Ştatlar Livanın Hezbollah şiə müsəlman hərəkatını terrorçu təşkilat sayır. İransa bu hərəkatı dəstəkləyir.

İranın xarici işlər naziri Javad Zarif Brüsseldə çıxış edərkən Seif-ə qarşı sanksiyaları qanunsuz adlandırıb.

ABŞ Xəzinədarlığı İran mərkəzi bankının beynəlxalq departamentinin direktor müavini Ali Tarzali-ni və Al-Bilad İslam Bankının sədri Aras Habib-i də qara siyahıya salıb.

Xəzinədarlıq bildirir ki, Habib İraqda İranın dəstəklədiyi qruplara qaçaqmal yoluyla pul çatdırıb, Qüds Qüvvəsinin İraqın bank sektoru vasitəsiylə Tehrandan Hezbollaha pul göndərməsinə imkan verib, İraqın maliyyə sisteminin bütövlüyünə təhlükə yaradıb.

Departament sanksiyaların mərkəzi bankın tranzaksiyalarına birbaşa təsir göstərməyəcəyini bildirib. Ancaq məlumatda o da vurğulanır ki, Birləşmiş Ştatlar İranla nüvə sazişindən çıxandan sonra bərpa olunan sanksiyalar bu il avqustun 7-dən başlayaraq mərkəzi bankın ABŞ dolları ilə müəyyən sanksiyalarına təsir göstərəcək.

Ötən həftə ABŞ Xəzinədarlığı Qüds Qüvvəsinə milyonlarla dollar ötürdüyü bildirilən altı fərdə və üç şirkətə sanksiyalar tətbiq edib.

Mayın 15-də Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri Brüsseldə bir araya gələrək nüvə sazişini xilas etməyin yolunu arayıblar. İndi çətin məsələlərdən biri bu ölkələrin şirkətlərinin Vaşinqtonun sanksiyalarına baxmayaraq İranla işbirliyini necə davam etdirəcəyidir.