Kiyevdə güllələndiyi deyilən jurnalist sağdır

Rusiyalı jurnalist Arkady Babchenko sağdır və Kiyevdə Ukrayna təhlükəsizlik orqanlarının keçirdiyi mətbuat konfransında iştirak edib.

Babçenkonun çərşənbə axşamı günü Ukrayna paytaxtında öldürüldüyü haqda məlumat verilmişdi.

Ukrayna təhlükəsizlik xidmətinin rəhbəri Vasili Qritsak mətbuat konfransı zamanı bildirib ki, agentlik onu öldürməyə çalışan şəxsin kim olduğunu müəyyən etmək üçün jurnalistin ölümünü “səhnələşdirib”.

Ukrayna televiziyasında canlı yayımda danışan baş prokuror Yuri Lutsenko bildirib ki, mayın 29-da Ukrayna hüquq-mühafizə orqanları xüsusi əməliyyat keçirərək, jurnalist Arkadi Babçenkoya qarşı sui-qəsd cəhdinin qarşısını alıb.

Ukrayna təhlükəsizlik xidməti jurnalistə qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxsin saxlandığını bildirib. Verilən məlumata əsasən, ona sui-qəsd müqabilində 40 min dollar məbləğində pul ödənib. Təhlükəsizlik xidməti sui-qəsd cəhdinin arxasında Rusiyanın xüsusi-xidmət orqanlarının durduğuna əmin olduğunu bildirib.

“Mən indi Ukrayna təhlükəsizlik xidmətinin xüsusi əməliyyatının detalları haqda məlumat verə bilərəm. Bunun nəticəsində biz nəinki bu təxribatın qarşısını almışıq, həm də eyni zamanda Rusiya xüsusi xidmət orqanları tərəfindən bu cinayətə hazırlığı sənədləşdirə bilmişik”, Ukrainskaya pravda qəzeti Vasili Qritsakın sözlərinə istinadən xəbər verib.

Arkady Babchenkonun özü xüsusi əməliyyata iki ay müddətində hazırlıq aparıldığını deyib.

***

Kiyevdə naməlum şəxslər tanınmış rus jurnalist və müxalif fəal Arkady Babchenkonu güllələyərək öldürüb.

Babçenko son illər Ukrayna paytaxtında yaşayırdı.

Verilən xəbərlərə görə, jurnalistə öz evində olarkən hücum edilib. Arkady Babchenkonun xəstəxanaya aparılarkən yolda öldüyü bildirilir.

Ona qarşı qəsd haqda ilk olaraq məlumatı Kiyevdə jurnalist Ayder Mujdabayev sosial şəbəkələrdə məlumat verib.

Arkady Babchenkonun öldürüldüyü haqda xəbərlər Ukraynanın bir sıra media qurumları tərəfindən təsdiqlənib.