Milli Şura AXCP-ə qarşı təzyiqləri pisləyən bəyanat yayıb

AXCP-yə qarşı yeni repressiya ilə bağlı Milli Şura bəyanat verib.

Bəyanatda deyilir:

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə sayılı günlər qalsa da, dünya birliyinin Azərbacan hakimiyyətindən demokratik islahatlar tələbi daha israrla səsləndirilsə də, hakimiyyətin korrupsiya əməlləri dünya miqyasında ardıcıl ifşa olunsa da, Avropa Şurası artıq Azərbaycan təmsilçiləri və hakimiyyətin rüşvət verdiyi avropalı deputatlar barədə sanskiya tədbirləri görsə də, ölkə əhalisi hakimiyyətdən davamlı şəkildə demokratik islahatlar, insan haqlarının müdafiəsi və siyasi məhbusların azadlığını tələb etsə də, hakimiyyət öz ənənəsinə sadiqdir və daha çox ifşa olunub təzyiqə məruz qaldıqca, çarəni repressiyaları gücləndirməkdə görür.

Hakimiyyət, əvvəllər olduğu kimi, bu dəfə də əsas hədəf olaraq AXCP-ni seçib. Bir neçə gün qabaq AXCP-nin iki funksioneri – gənclərdən Orxan Baxışlı və veteranlardan Mirfeyzulla Seyidov narkotiklə şərlənərək, barələrində absurd ittiham irəli sürülüb, daha bir cəbhəçi Məhərrəm Cəliloğlu şərlənərək həbs edilib. Hazırda sayı artmaqda olan cəbhəçi siyasi məhbuslardan ikisinin həyatı ilə bağlı vəziyyət çox həyəcanvericidir. İl yarım qabaq mitinqlərin təşkilatçısı kimi həbs edilmiş Elnur Fərəcovun xərçəng xəstəsi olduğunu Penisentiar Xidmət nəhayət etiraf edib. Onun xəstəliyi uzun zaman danılırdı, amma artıq irəliləmiş mərhələdə olduğu üçün Penitensiar Xidmətin Səhiyyə İdarəsi onun xərcəngə yoluxduğunu etiraf edib. Mirfeyzulla Seyidov isə böyrəkləri çalışmadığı üçün həftədə 3 dəfə dealiz aparatından keçmədən yaşamaq imkanında deyil. Hər iki cəbhəçi məhbusun həyatı real təhlükə qarşısındadır.

Bugünlərdə isə Elçibəy hakimiyyəti zamanı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olmuş Saleh Rüstəmov faktiki oğurlanaraq, həbs edilib. 10 gün əvvəl saxlanılan Saleh Rüstəmov yeri və vəziyyəti barədə nə ailə üzvləri, nə də vəkillər məlumat ala bilib. Üstəlik onun qardaşı oğlu Vidadi Rüstəmli və daha 2 nəfər qohumu da həbs edilib. Ötən müddət ərzində onun öz ailəsi ilə əlaqə saxlamasına, vəkililə görüşməsinə imkan verilməyib. İndi məlum olur ki, Saleh Rüstəmov cəmiyyətdən tam təcrid edilmiş şəraitdə işgəncələrə məruz qalıb. İşgəncə və hədələrin təsiri altında ondan AXCP-yə qarşı hansısa saxta ifadələr alıblar. Bütün bunlar göstərir ki, hakimiyyət bu partiyaya indiyədək etdiyi pisliklərlə   kifayətlənmək istəmir, ona qarşı təxribatları davam etdirəcək.

AXCP artıq neçə ildir ki, ölkədə avtoritar rejimin qarşısında əsas sədd olaraq qalıb. Son illərdə ölkədə hakimiyyət əleyhinə keçirilən mitinqlərin əsas hərəkətverici qüvvəsi məhz Xalq Cəbhəsidir. AXCP ölkədə ən çox məhbusu olan təşkilat olmaqla yanaşı, həm də ən güclü struktura malik təşkilat kimi də xarakterizə olunur. Bütün bu repressiyalar daməqsədyönlü şəkildə AXCP-ni və onun sədri Əli Kərimlini nüfuzdan salmaq, təcrid etmək, ona qarşı təxribatları gücləndirmək məqsədilə həyata keçirilir.

Milli Şura olaraq bildiririk ki, AXCP ilə birlikdəyik, ona qarşı yönələn anti-insani əməlləri, repressiyaları qətiyyətlə pisləyirik və onların dayandırılmasını tələb edirik. Tələb edirik ki, bütün siyasi məhbuslar, xüsusən də həyatı təhlükədə olan Elnur Fərəcov və Mirfeyzulla Seyidov təcili azadlığa buraxılsın, Saleh Rüstəmov və qardaşı oğluna ailələri və vəkillərlə normal əlaqə üçün şərait yaradılsın, AXCP-yə qarşı növbəti ideoloji təxribata son qoyulsun.