Mixeil Saakashvili: Gürcüstana qayıdıb “feodalların axırına çıxacam”

Gürcüstanın sabiq prezidenti Mixeil Saakashvili öz Facebook səhifəsində ölkə vətəndaşlarına müraciətini paylaşıb.

Videomüraciətinin Amsterdamda çəkildiyini deyən Saakashvili söz verir ki, tezliklə Gürcüstana qayıdıb “feodalların axırına çıxacaq”.

Keçmiş prezident müraciətini 14 il əvvəl Acarıstan muxtar vilayətində Aslan Abashidze rejiminin devrilməsi və separatçı bölgənin mərkəzi hökumətin nəzarətinə qayıtmasının ildönümündə edib.

Videoda Saakashvilinin arxasında kanal var, qarşısında isə velosipedi.

“Əlbəttə, acarlar və bütün Gürcüstan vətəndaşları, mən sizi Amsterdam küçələrindən deyil, birbaşa Batumidən salamlamaq istərdim, bax bu velisipedi də orda sürərdim. Eybi yoxdu, o günü də görəcəyik” – deyə sabiq prezident bildirib.

Saakaşvili deyib ki, Gürcüstana qayıdıb insanların sosial vəziyyətini yaxşılaşdıracaq, turizmin “əvvəlki inkişaf tempini bərpa edəcək”.

O, Acarıstanda turizmin inkişaf səviyyəsinin qənaətbəxş olmadığını deyib.

“Mənim böyük planlarım var, mütləq tezliklə qayıdacam” – deyə keçmiş prezident vəd verib.

Gürcüstanda Saakashviliyə qarşı bir neçə cinayət işi qaldırılıb.

Amma onun partiyası müxalifət kimi ölkənin siyasi həyatında fəal iştirak edir.