Nazirlik paytaxtda havadan gələn kəskin iyin səbəbini açıqlayıb

Bakıda 4-8 may tarixində Xətai, Nizami, Səbayıl rayonlarında kəskin iy-qoxu iy qoxu yaranıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri bununla bağlı monitorinq keçirib.

Bu barədə nazirliyin mətbuat xidməti məlumat verib.

Bildirilir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri 4-8 may tarixində Bakının Xətai, Nizami, Səbayıl rayonlarında yaranan kəskin iy-qoxu ilə bağlı monitorinq keçirib, atmosfer havasından nümunələr götürüb və analizlər aparıb. Analizlərin nəticələrinə görə atmosfer havasında müşahidə olunan kəskin iy-qoxunu yaradan səbəblər müəyyən edilib. Havada karbohidrogen mənşəli qaz qarışıqları və hidrogen-sulfidin miqdarı müəyyən günlərdə normadan dəfələrlə artıq olub.

Aparılan təhlillər zamanı kəskin iy-qoxu daha çox Neft Emalı zavodunun ərazisində, “Ekol Mühəndislik Xidməti” QSC-nin neftli suların təmizlənməsi və Nef Emalı zavodunun bioloji təmizləyici qurğularının ətrafında müşahidə olunub. Havadan gələn kəskin iy-qoxunun əsas mənbəyi sözügedən zavod və “Ekol Mühəndislik Xidməti” QSC-nin neftli suların təmizlənməsi qurğusunun olduğu müəyyən edilib. Texnoloji prosesin pozulması və çirkab sularının təmizlənməsi normalarına riayət olunmadığına görə sözügedən müəssisələrə rəsmi xəbərdarlıq olunub.

Hazırda qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülür və cərimə olunmaları üçün sənədləşmə işləri aparılır.